BAKI, 6 yan — Sputnik. "Türkiyə son dövrlər Amerikanın bütün planlarını pozur. Qərb mətbuatında Ərdoğan əleyhinə yazılan məqalələr də bu səbəbdəndir".
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincək deyib. İstanbulda keçirdiyi mətbuat konfransında danışan Perincək, son dövrlər yaşanan terror aktlarında Qərbin əli olduğunu iddia edib.
"Qərb ölkələri Rəcəb Tayyib Ərdoğanı diktator kimi göstərib, türk xalqının əli ilə hakimiyyətdən salmaq istəyir. Ölkədə baş verən terror hücumları hökuməti yıxmaq məqsədi ilə təşkil edilir", — Perincək bildirib.
Rusiya ilə yaxınlıq tərəfdarı olan siyasətçi daha sonra deyib: "Türkiyənin terror təşkilatlarına qarşı savaş açması onları ciddi narahat edir. Ordumuzun FETÖ, PKK, İŞİD kimi terror təşkilatlarının üzərinə getməsini xoşlamırlar. Bu səbəbə görə, Türkiyəni hökumət böhranına soxub, mövcud hakimiyyəti devirmək və özlərinə qul olacaq bir rəhbəri iş başına gətirmək istəyirlər".