BAKI, 6 yan — Sputnik. Bu gündən etibarən, şənbə və bazar günləri də daxil olmaqla, aparılan təmir işləri ilə əlaqədar paytaxtın bəzi prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Hərəkətin qismən məhdudlaşdırılacağı prospekt və küçələr aşağıdakılardır:
1. Neftçilər prospekti — Nobel prospeti ilə kəsişmə;
2. Cəfər Xəndan küçəsi — Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələrinin arası;
3. Nəcəf Nərimanov küçəsi.
Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən, avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
"Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq", — Nəcəfli bildirib.
Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu səbəbdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün, imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir-neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.