BAKI, 6 yan-Sputnik. Yeni seçilmiş prezident Donald Tramp inauqurasiya günü ABŞ-ın xarici ölkələrə təyin olunmuş bütün səfirlərini geri çağıracaq.
"The New York Times" qəzetinin Trampın planı ilə tanış olan bir neçə diplomata istinadən yaydığı məlumata görə, ABŞ-ın yeni seçilmiş prezidenti artıq bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş göndərib.
Səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.
"The New York Times"ın yazdığına görə, əvvəllər məktəb yaşlı uşaqları olan diplomatlara müəyyən güzəşt edilib, uşaqların tədris ilini başa vurması gözlənilib.
Tramp artıq Çin və İsrail kimi ölkələrə kimləri səfir təyin edəcəyini açıqlayıb.
Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.
Qeyd edək ki, 2015-ci ildən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutadır.