BAKI, 5 yan-Sputnik. Təcili tibbi yardımın həkimləri Yeni il bayramı günlərini Bakı sakinlərinin çağırışları dalınca qaçmaqla keçiriblər.
Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ hospitallaşdırma şöbəsinin baş həkimi Bənövşə Quliyeva Sputnik-ə bildirib ki, dekabrın 31-dən yanvarın 5-nə qədər gündəlik demək olar ki, 3 minə qədər çağırış daxil olub və həkimlər tibbi yardım göstərdikləri şəxsləri onların xəstəliklərinin ağırlıq dərəcəsinə görə təsnifləşdiriblər.
Qeyd etmək lazımdır ki, adi günlərdə zənglər sutkada 2 mini aşmır.
Quliyevanın dediyinə görə, təcili yardıma müraciət edənlərin sayının çox olması son beş gün ərzində rayon poliklinikalarının işləməməsi ilə əlaqədardır.
"Zənglər əsasən ürək-damar tutmaları, zəhərlənmələr, bıçaq yaraları, infeksion xəstəliklər, qıcolma, yüksək temperaturla bağlı olub. İstirahət günlərində təcili yardımın bütün həkimləri gücləndirilmiş iş rejimində işləyiblər. Hətta tıxacların olduğu yerlərdə növbə çəkiblər ki, çağırış zamanı lazımi ünvana tez çata bilsinlər” – deyə həkim bildirib.
Həkim briqadaları ilk növbədə qanaxma, qıcolma, yüksək temperaturla bağlı çağırışların olduğu yerə göndəriliblər.
Bayram günlərində dəm qazından zəhərlənmələrin də sayı çox olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun sözlərinə görə, bayram günlərində 18 xəstə daxil olub ki, onların da 7-si xəstəxanaya yatırılıb. Onların arasında 8-10 yaşlı iki uşaq da olub. Onlar ventilyasiya sistemi pis olan hamam otaqlarında dəm qazından zəhərləniblər.
Bununla yanaşı Azərbaycan Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, dəm qazından zəhərlənmə nəticəsində ölkədə 11 nəfər ölüb. Onlardan 6-sı xarici ölkə vətəndaşıdır.
Yeni ilin ilk günü asayiş keşikçiləri kirayə edilmiş mənzildən 5 Kamerun vətəndaşının meyitini tapıblar. Onlar Bakı Texniki Universitetinin tələbələri və futbolçular – Nconco Hans Ekumun, Nzemele Esambe Linus, Senan Xke, Takem Paul Atax və Nikvanti Nombe Levis olublar. Mənzildə həmçinin su qızdırıcısı da tapılıb.
Dəm qazı Gürcüstan vətəndaşı Leyla Çopurovanın, ər-arvad Cahangir və Sevinc Mustafayevlərin, Neftçala rayon sakini Samı Zeynallının, Sumqayıt sakini Zeynəb İsmayılovanın və Bakı sakini Sədaqət Tokanın da ölümünə səbəb olub.
Yeri gəlmişkən, Respublika gigiyena və epidemiologiya mərkəzindən bildiriblər ki, bu dəfə onlara kütləvi zəhərlənmə ilə bağlı məlumat daxil olmayıb.
Eyni zamanda, həkimlər bayram fişənglərindən düzgün istifadə etməyərək yanıq yarası alan pasientlərə də yardım göstərməli olublar.
Daxili İşlər Nazirliyindən Sputnik-ə verilən məlumata görə, bayram günləri respublikanın avtomobil yollarında 27 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.