İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 31 dek — Sputnik. "Masazır gölünün duzu yodsuzdur və duz zavodda istehsal zamanı yodlaşdırılır. Duzun yodlaşdırılması üçün, yod əvvəllər Türkiyədən gətirilirdi. Artıq 6 aydır ki, "AzərYod"un təklif etdiyi yoddan istifadə edirik. Duz paketlərinin üzərində, onun tərkibindəki yodun miqdarı qeyd olunur".
Sputnik əməkdaşı ilə söhbətində, Masazır Duz Zavodunun direktoru Nəbi Zeynalzadə belə deyir. Zavod ildə 50 min ton duz istehsal edir: "Biz yodlaşdırılmış duzdan əlavə, yodlaşdırılmamış duzlardan da istifadə edirik. Bu duz qazanxanalarda, heyvandarlıqda, dəriçilikdə və yollarda istifadə üçün nəzərdə tutulub".
"Hazırda Masazır duz gölü xüsusi nəzarətdədir və 24 saat xüsusi avtomobillərlə zavodun əməkdaşları əraziyə nəzarət edirlər. Ki, kustar üsulla duz istehsal edənlər duz apara bilməsinlər. Güclü nəzarət olduğu üçün, heç kim gölə yaxın gedib duz götürə bilmir", — direktor bildirib.
Zeynalzadənin sözlərinə görə, Bakıda duz gölü çoxdur və elə göllər var ki, onun suyuna neft də qarışıb: "Kustar üsulla duz istehsal edənlər, çox zaman o göllərdən duz çıxarırlar".
"Bizim zavodda duz gölün suyundan alınır. Su müəyyən maddələrlə qarışdırıldıqdan sonra, böyük hovuzlarda saxlanılır. Daha sonra bir neçə proses həyata keçirilir. Zavodda bütün sistem avtomatlaşdırılır və kompüterlə idarə edilir. Gölün suyu alındıqdan sonra natrium karbonat (soda) qatılaraq birinci hovuza verilir. Bundan sonra su bir neçə prosesdən keçir, qaynadılır, daha sonra duz sudan ayrılır və müəyyən maddələr əlavə edildikdən sonra qurulma prosesi başlayır. Sonda duz bunkerlərə doldurulur, ardınca paketləmə prosesi həyata keçirilir", — müsahibimiz qeyd edir.
Zavodun bütün avadanlıqları İsveçrə, Almaniya və Türkiyə istehsalıdır: "Azərbaycan duzu Rusiyaya da göndərilir. Onlar inanmırdılar ki, bizdə belə duz istehsal olunur. Sonra səfirliyin nümayəndələri gəlib baxdılar və inandılar".
Zeynalzadənin dediyinə görə, zavodun laboratoriyasında hər saatbaşı duzdan analizlər götürülür. Həmin duz standarta uyğun olmadığı zaman, yenidən xam duz kimi gölə tökülür. Qeyd edək ki, zavodun laboratoriyası birbaşa "Azersun" Holdinqə tabedir.
Laboratoriyanın məsul işçisi, kimyaçı-mühəndis Tural Əsgərovun sözlərinə görə, çıxarılan duzda kalsium, maqnezium və xlorun miqdarı, nəmlik, yod miqdarı və suda həll olmayan quru qalıq analizləri aparılır: "İki saatdan bir, ehtiyac olduqda bir saatdan bir duzdan analiz götürülür və maddələrin miqdarı ölçülür".
Mühəndis bildirir ki, Masazır duz gölündə ağır və radioaktiv metallar çox azdır: "Gölün suyu aidiyyəti qurumlar tərəfindən analiz edilib. Metal analizləri də mərkəzi laboratoriyalarda təhlil edilir. Və nəticələr limitdən qat-qat aşağıdır".
T. Əsgərovun sözlərinə görə, kustar üsulla hazırlanmış duzun tərkibində suda həll olunmayan quru qalıq var: "Bu qalıq təmizlənmir. Habelə, həmin duzların tərkibində yod olmur. Xam duzda kalsium, maqnezium çox ola bilər. Kustar üsulla hazırlanan duzda sağlamlıq üçün çox zərərli maddələr var".