BAKI, 30 dek-Sputnik. Milli Məclisin plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinə baxılıb.
Sputnik xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verib. Bildirilib ki, son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atılır. Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılmasıdır.
Layihənin birinci maddəsi "Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi" adlanır.
Maddəyə görə, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
2-ci maddə "Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borcların tənzimlənməsi" adlanır.
Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi orqanları tərəfindən vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci il 1 yanvar tarixinə yaranmış, həmin tarixə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclar müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
Bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada silinir:
2.2.1. vergi ödəyicisi 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizini ödədikdə — maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi miqdarında;
2.2.2. vergi ödəyicisi 2017-ci ilin yanvar — fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizini ödədikdə — maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi miqdarında;
2.2.3. vergi ödəyicisi 2017-ci ilin yanvar — mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizini ödədikdə — maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi miqdarında.
3-cü maddədə göstərilir ki, bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il 1 yanvar tarixinədək ödənilməmiş hissələrinə də şamil edilir.
Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
Layihə səsə qoyularaq qəbul edilib.
Layihə 44 min 704 vergi ödəyicisini əhatə edəcək. Bunun 1037-i dövlət sektorunda, 43 min 667-i isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Layihə ilə 44 min 704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq.