CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergi Məcəlləsinə dəyişikliklər edildi

Abunə olmaq
Məcəlləyə 115 yeni maddə, 83 dəyişiklik olunub, 3 maddə isə ləğv edilib

BAKI, 16 dek — Sputnik. Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, dəyişikliklərin iqtisadi fəallığın artırılmasını, sahibkarlığın inkişaf etdirilməsini, bütövlükdə dövlətin davamlı tərəqqisini nəzərdə tutduğunu deyib.

Vergilər naziri Fazil Məmmədov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu sahələr 3 il müddətinə vergidən azad olunur

Millət vəkili bildirib ki, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla, 201 dəyişiklik nəzərdə tutulur: "Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir".

Komitə sədrinin sözlərinə görə, dəyişiklik layihəsində ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur: "Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib. Məcəlləyə əlavə edilən yeni maddə ilə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilib".

Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər üçün 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub.

Vergilər naziri Fazil Məmmədov deyib ki, vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır: "Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir".

Nazir bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər bəzi işçilərin vergiyə cəlb edilməsi üçün deyil: "Burada söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir. Bu gün ölkədə işsizliyin səviyyəsi ilə bağlı nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil. Ölkədə işləyənlər çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var".

"Əgər kimsə bağda bağban saxlayırsa, demək onun sosial vəziyyəti yaxşıdır. Milyonlarla vəsaiti olanlar var ki, evindəki xəstəyə xidmət etməsi üçün 5 tibb bacısı işlədir. Belə şəxslər niyə vergi ödəməməlidirlər? Əgər məsələ sosial təbəqəyə aid edilirsə, burda söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir", — Məmmədov qeyd edib.

Nazirin sözlərinə görə, Vergi Məcəlləsinə təklif olunan bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0