BAKI, 29 dek — Sputnik. Ölkə ərazisinə yoluxucu xəstəlik yayılıb. Hazırda, az qala hər ailədə bu virusa yoluxmuş insan tapmaq mümkündür. Yüksək hərarət, üşütmə, ürəkbulanma, başgicəllənmə, öskürək və müxtəlif nahiyələrdə ağrılarla müşayiət olunan xəstəlik, xüsusilə paytaxtda əksər insanları ağuşuna alıb.
Problemlə əlaqədar Sputnik-ə açıqlama verən həkim Rasif Bağırovun sözlərinə görə, hazırda yayılmış virusa ad qoyulmayıb: "Əvvəllər virusların moleykullarını araşdırırdılar və onlara uyğun ad verilirdi. Bu da onun üçün idi ki, qrip virusunun daha da ağırlaşmasının və yayılmasının qarşısı alınsın".
"Qrip virusları insan orqanizmində çox qısa müddətdə qalır. Sadəcə o viruslar öləndən sonra simbioz həyat tərzi sürən infeksiyaları oyadırlar və onlar da sonradan insan orqanizmində bir çox xəstəliklər yarada bilir. Bununla bağlı hazırda kifayət qədər tədbirlər görülür. Qripin və ya infeksiyanın özü yox, onun fəsadları daha böyük təhlükədir", — ekspert bildirib.
R. Bağırov hazırkı virusun sürətlə yayılmasında vətəndaşların da "rolu" olduğunu deyib: "Virusa yoluxuruq və xəstəlik canımızdan çıxmamış, ictimai nəqliyyata minirik, işə gedirik və beləliklə ətrafımızda olanları da bu virusa yoluxdururuq".
"Qrip virusu 10 gündən bir formasını dəyişdiyi üçün, yalnız bəzi dərman preparatları ilə qismən onun qarşısını almaq mümkündür. Qrip bir çox fəsadlar yaradır. Məsələn, yuxarı tənəffüz yollarının infeksiyalarının oyanması ilə bağlı müxtəlif xəstəliklər, mədə bağırsaqlarda, böyrəklərdə və ən qorxulusu isə nevrotoksiki mərkəzi sinir sistemində ağır infeksiyaların yaranmasına səbəb olur. Bu, xəstənin ölümünə də gətirib çıxara bilir" — həkim bildirib.
Səhiyyə mütəxəssisi Adil Qeybulla isə Sputnik-ə açıqlamasında hazırda yayılmış virusun qrip virusu olmadığını deyib: "Hamı bu xəstəliklərə qrip deyir. Qrip əlamətləri ilə keçən bu virus isə qrip yox, yuxarı tənəffüs yollarının iltibahı prosesidir. Yuxarı tənəffüs yollarının iltibahı prosesinda 15-dən artıq virus parazitlik edir. İmmunitet sistemi zəiflədikcə, bu viruslara tutulma riski daha da artır. Halsızlıq, hərarət, öskürək kimi əlamətlərlə göründüyü üçün qrip deyirlər. Əslində qrip — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən karantin elan olunan 4 infeksiyadan biridir".
"Hazırda cəmiyyətdə yayılan bəla — soyuqdəymə xəstəlikləridir. Belə xəstələr yataq rejimində olmalıdırlar, çox maye qəbul edilməlidir, mövsümə uyğun olaraq düzgün geyim seçilməlidir. Əks halda, belə virusa yoluxma riski çoxalır", — ekspert əlavə edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da mövzu ilə bağlı fikirlərini Sputnik-ə açıqlayıb. O, hazırda Azərbaycanda qrip virusunun olmadığını deyib.
"Səhiyyə Nazirliyinin, Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı, 6 oktyabr 2016-cı il, 65 nömrəli əmri var. Həmin əmrə əsasən, 2016-2017-ci illərin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator xəstəliklərə qarşı əhali arasında profilaktik tədbirlərin gücləndirilməsi tapşırılıb", — Əliyeva qeyd edib.
O bildirib ki, əmrə görə, həmin virusların qarşısını almaq üçün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, eyni zamanda digər təhsil müəssisələrində daimi nəzarət aparılır və dezinfeksiya işləri görülür və davam etdirilir. Ağır viruslar aşkar edilirsə, laborator müayinə həyata keçirilir".
A. Əliyeva qeyd edib ki, hazırki viruslar kəskin respirator infeksiyalarıdır: "Hal-hazırda xəstəlikdə artım yoxdur, aşağı səviyyədədir. Olan xəstəliklər də mövsümü xarakter daşıyır".