BAKI, 29 dek-Sputnik. Bakı şəhərinin qaz təchizatında itkiləri azaldaraq onu Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur.
Sputnik xəbər verir ki, bu məsələ Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Sənəddə bildirilir ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.
Yol xəritəsində qeyd edilib ki, səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP və TANAP layihələri vasitəsilə Avropaya ixrac olunacaq.
Bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8%-dək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8%-dən aşağı olarsa,
bunun eyni səviyyədə qalacağı ehtimal edilir), bu cür tədbirlərin 2025-ci ildən sonrakı dövrdə həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
"Azərenerji" ASC və "Azərişıq" ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək. Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib. İclasda, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC və "Azərişıq" ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.
Tarif Şurasının sonrakı qiymət tənzimləməsində isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.