BAKI, 6 dek — Sputnik. "Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması ilə əlaqədar, gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb".
Sputnik xəbər verir ki, bunu parlamentin plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı, maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat məbləğində proqnozlaşdırılır.
"2017-ci ildə də Azərbaycanda fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır. Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub", — nazir bildirib.
Şərifov əlavə edib ki, gələn il xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək: "Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək".