BAKI, 23 dek — Sputnik. Azərbaycan Yelkənli İdman Federasiyasında (AYİF) media nümayəndələri ilə görüş olub. Federasiyasının baş katibi Əhməd İsmayılov, daim AYİF-ə verdikləri dəstəyə görə, jurnalistlərə təşəkkürünü bildirib.
Daha sonra baş məşqçi Burcu Algon Giorgianni çıxış edərək ilin hesabatını təqdim edib. Baş məşqçi bildirib ki, gələn il də bu ildə olduğu kimi, tam sürətlə işləyəcəklər və artıq 2017-ci ildə əsas yarışlardan sayılan dünya çempionatına ilk dəfə komanda olaraq iştirak edəcəklər.
Daha sonra AYİF-in media nümayəndələri arasında keçirdiyi müsabiqənin qalibləri açıqlanıb. Müsabiqəyə təqdim edilən iki yüzdən çox məqalə, foto və video materialların içərisindən ən yaxşı 15 material seçilib və təltif olunub.
Müsabiqədə ən yaxşı məqalə müəllifi Natiq Nəsirov (estafet.az), ən yaxşı foto müəllifi Rüstəm İsmayılov (azpress.az), ən yaxşı video müəllifi isə ATV telekanalının əməkdaşı Nicat Babayev seçilib. Xüsusi təltif olunan jurnalist isə CBC Sport telekanalının əməkdaşı Vasif Acalov olub. Digər yerlərin qalibləri də sertifikat və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Sputnik-in müxbiri Təranə Cəlilzadə və foto müxbiri Murad Orucov da ilk 15-likdə yer alaraq, sertifikata layiq görülüblər.