BAKI, 23 dek — Sputnik. "Dekabrın 22-si saat 18.00 radələrində, Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu, istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər. Bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə, 1 xidməti avtomobilin şüşələrini sındırıblar".
Bu barədə Sputnik-ə daxil olan, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir: "Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar. Xəsarət almış 9 əməkdaşdan 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib".
Qeyd olunur ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.