BAKI, 23 dek-Sputnik. Həftənin dördüncü günündən beşinci gününə keçən gecə Amsterdam polisi çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirova silahlı hücum edən iki nəfəri saxlayıb.
Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbə məlumat verib.
Əldə etdiyimiz məlumatlara görə, Qastəmirov "Avropa obşakı" adlanan kriminal kassaya nəzarət edir. Saxlanılan şəxslər 30-35 yaşlarında olan azərbaycanlı və çeçendir.
İnsident 23 dekabrda gecə saat 3 radələrində Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən Staay Food Group Holding topdansatış tərəvəz bazarında baş verib.
İki Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov avtomatı ilə silahlanan naməlum şəxslər topdansatış meyvə bazasına TIR sürücüsü qismində daxil olublar.
Sözügedən tərəvəz bazasına nəzarət edən Şeyx Həmzət bu ərazidə tez-tez görünür və işlərin gedişi ilə maraqlanır. Rəqibləri bunu bilirlər və "qanuni oğru"nu da məhz burada izləyiblər.
Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri çiynindən yaralanıb. Mühafizəçilərin operativ fəaliyyəti nəticəsində hücumun icraçıları zərərsizləşdiriliblər. Canilərdən biri ayağından, digəri isə budundan yaralanıb. Bu məqamda hadisə yerinə polis gəlib və hücum edən şəxsləri saxlayaraq polis idarəsinə aparıb.
Hələlik Şeyx Həmzətin fiziki cəhətdən məhv edilməsində maraqlı olan şəxsin kimliyi məlum deyil. Hazırda bu istiqamətdə Niderlandın istintaq orqanları araşdırma aparır. İşə Qastəmirovun vəkili də qoşulub.
"Qanuni oğru"nun yaxınları hücumun Qastəmirovun dünyanın meyvə-tərəvəz bazarında getdikcə artan nüfuzu ilə əlaqədar olduğunu güman edir.
Məlumdur ki, ALMEKS holdinq qrupu və onun nəhəng Avropa tərəfdaşı Staay Food Group Qazaxıstan Respublikasının aqrar sektorunda Astana Fresh-lə birlikdə iş görür.
İlkin mərhələdə fermerlərlə əməkdaşlıq yolu ilə Qazaxıstan və ona yaxın ölkələrdən təzə meyvə-tərəvəz məhsullarını toplayacaq distributor sistemini formalaşdırmaq nəzərdə tutulub.
Staay Food bu yolla həm Niderlandda, həm də digər ölkələrdə fermer təsərrüfatları hesabına öz biznesini genişləndirir. Onun əsas kənd təsərrüfatı sahələri Avropada, Latın Amerikasında, Mərkəzi və Cənubi Afrikada yerləşir.
Görünür Şeyx Həmzətin öz coğrafiyasını genişləndirməsi, digər tərəvəz bazalarının sahibkarlarının xoşuna gəlmir. Çünki onlar qeyri-bərabər rəqabətdə itkilərlə üzləşirlər.
Qeyd edək ki, Şeyx Həmzət bu ilin 18 avqustunda İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub. Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri, həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabe etdirilib.