BAKI, 21 dek — Sputnik. Bakı şəhərində sürücüləri narahat edən əsas məsələlərdən biri avtomobil parklama sistemidir. Sputnik-in əməkdaşı, paytaxt sakinləri arasında, "Bakı şəhəri ərazisində mövcud olan avtomobil parklama sistemindən və qiymətlərindən razısınızmı?" mövzusundan sorğu keçirib. Beləliklə:
Faiq Mahmudov: "Yolların tıxac və nasazlığı ucbatından, avtomobilin tez-tez təmir olunma xərcləri, tıxac ucbatından yanacağa verilən artıq xərcləri və üstəlik parklamaya görə də alınan haqları toplayıb aldığım maaşdan çıxanda, görürəm ki, mən ailə yox, maşın saxlamaq üçün işləyirəm. Aldığımız maaşla aylıq 60-80 manat aboniment almaq praktiki cəhətdən mümkün deyil. Hələ bu azmış kimi, yolkənarı ödənişli parklama ərazilərində maşınların mümkün zərərgörmə ehtimalına görə nə parkomat aparatı, nə də məsul şəxs cavabdehlik daşıyır. Maşını Allah ümüdünə qoyub gedirsən. Park pulunu da ona görə verirsən ki, orada parkomat və ya pul yığan var".
Murad Həsənzadə: "Parklamalardan razı deyiləm. Şəhər içində qiymət çox bahadır. Minimum 1 manatdan başlayır. Şəhər daxilində işləyib-yaşayan insanlarım aylıq qazanclarının, ən azı 100 manatı park sərfiyyatına gedir. Bir çox hallarda qanunsuz yerdə dayanma-durma edən taksi sürücülərinə və digər sürücülərə cəza yazılmır. DYP əməkdaşları qanunsuz yerdə park edilən avtomobilləri, düşmən malı kimi evakuasiya edirlər. Həm də heç bir ehtiyat və səliqə güdmədən — gözümlə şahidi olmuşam. Hər hansı bir bina və göydələn tikdikdə, əvvəla onun park problemi həll olunmalıdır. Bakı şəhərində 3,5 milyon əhali, 1 milyon maşın var. Bu, Bakı kimi şəhər üçün çox böyük rəqəmdir".
Xəyal Məmmədxanlı: "Razı deyiləm. Pik və qeyri-pik saatlar fərqləndirilməlidir. Məsələn, səhər saat 9-dan axşam 6-ya qədər bir qiymət olmalıdır, 6-dan axşam 9-a qədər başqa qiymət, 9-dan sabah səhər 9-a qədər isə pulsuz olmalıdır, əksər xarici dövlətlərdə olduğu kimi".
Coşqun Laçınzadə: "Narazıyam. Çünki, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanununda parklama yeri barədə qeyd olunub, amma "orada maşın saxlayanda ödəniş etməlisən" yazılmayıb. Və bu təcrübə dünyanın heç bir yerində yoxdur. İcazə verilirsə saxla, verilmirsə, saxlama. Parklamağa icazə verilən yerdə saxlayıramsa, niyə də ödəniş eləməliyəm? Mən bir manatlıq ödəniş eləyəcəm bir saat üçün, bəlkə işim çıxdı geri qayıtmalı oldum, mənim ödənişimi kim geri qaytaracaq? Bu, əlavə xərcdən başqa bir şey deyil".
Bəxtiyar Məmmədli: "Razı deyiləm! Birincisi, əraziyə yerləşdirilən aparat parkinqə girdiyin vaxtı səhv qeyd edir. Yenə insafən, Qış Parkındakı yeraltı dayanacaq digərlərinə baxanda ucuzdur. Amma qalanları bahadır, heç kimə sərf etmir".
Kamran İsmixanov: "Xeyr. Nə parklamadan, nə də sistemdən razıyam. Bir şey qalmayıb, bir azdan parkomatı gətirib həyətimizdə quraşdıracaqlar".
Mahir Mammadli: "Əvvəla, Bakıda parkinqlər azdır. Elə ərazilər var ki, orada dayanmaq üçün yer tapılmır. Olan parkinqlərdə isə qiymətlər bahadır. Məsələn, ticarət mərkəzlərindən birində marketdən bazarlıq etmək üçün maşını yeraltı dayanacaqda saxlayırsan, təxminən 1-1,5 saat marketdə gəzirsən. Çıxanda 2 manat dayanacaq pulu verirsən. Halbuki, o marketə (adını çəkmirəm), təxminən 1-2 manata qənaət etmək üçün gedirsən. Nəticədə qənaət edə bilmədin və ən bahalı marketlərlə eyni qiymətə bazarlıq etmiş oldun. Əslində, ticarət mərkəzlərindəki parkinqlər, oraya istirahətə və ya bazarlığa gələnlər üçün pulsuz olmalıdır. Çünki maşını o dayanacaqda saxlayan adam, elə həmin mərkəzdə pul xərcləməyə gəlib. Eləcə də, Bakı Beynəlxalq Avtovağzalı. Ora kimisə yola salmağa və ya qarşılamağa gedirsən. Dayanacaq üçün 1 manat pul alırlar. Özü də heç bir güzəşt olmadan. Baxmayaraq ki, dünyanın hər yerində ilk 15 dəqiqə pulsuzdur".