BAKI, 19 dek — Sputnik. Kür çayı üzərində yeni Su Elektrik Stansiyasının (SES) tikilməsi çayda suyun səviyyəsinin qəflətən artıb-azalmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində problemlər yaradacaq.
Bu barədə Sputnik-ə gürcü iqtisadçı, alternativ enerji mənbələri üzrə mütəxəssis Soso Simonişvili deyib. Gürcüstanda beş yeni SES-in tikintisi planlaşdırılır ki, onlardan biri də Tbilisidən qərbdə, Kür çayı üzərində tikiləcək. Azərbaycanlı ekspertlərin fikrincə, bu, Azərbaycanda ekoloji fəlakətə səbəb ola və respublikanın iqtisadiyyatına ciddi zərbə vura bilər.
Simonişvilinin sözlərinə görə, Kür çayı üzərində SES-in sayının artırılması, bəzən suyun səviyyəsinin artması ilə müşahidə olunacaq, bəzən isə çayın məcrasında ümumiyyətlə su olmayacaq: "Azərbaycanlı ekspertin dediyi kimi, ekoloji fəlakət bəlkə də olmadı, amma su təchizatı qeyri-bərabər olacaq. Bu, birmənalıdır".
O, eyni şeyin Türkiyədə də baş verdiyini bildirib: "Hazırda Türkiyədən demək olar ki, su gəlmir, çünki onlar hazırda öz su anbarlarını doldururlar".
Bir sözlə, ekspert bildirib ki, su təchizatı ilə bağlı çətin zamanlar gəlir. Neqativ nəticələrdən qaçmaq üçün hansı addımları atmağın lazım olduğuna gəlincə, Simonişvili deyib: "Kürün bütün su resurslarının vahid avtomatlaşdırılmış idarəetmə sistemini yaratmaq lazımdır".
"Gürcüstanın və Türkiyənin həyata keçirdiyi planlar, əslində çayın suyunun ümumi kütləsini azaltmır, sadəcə suyun ötürülməsində qeyri-bərabərlik yaradır. Əgər bütün bu su təsərrüfat ağılla idarə olunsa, problem daha az olar".