CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük məktəbləri ləğv edilib? - DYP məlumatsızdır

© Photo : TelegrafTəlim avtomobilləri, arxiv şəkli
Təlim avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bizdə hələ də SSRİ-dən qalma modeldən istifadə olunur"

BAKI, 15 dek — Sputnik. Sürücülük məktəblərinin ləğv edildiyi barədə xəbər yayılıb. Məsələni dəqiqləşdirmək üçün, Sputnik əməkdaşı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polis İdarəsinin (DİN RBDYPİ)mətbuat katibi Kamran Əliyevlə əlaqə saxlayıb.

Sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
Sürücülük vəsiqələrinin verilməsi qaydaları dəyişdi

K. Əliyev Sputnik-ə açıqlamasında, bu haqda onda məlumat olmadığını deyib: "Məndə belə bir məlumat yoxdur. Həm də sürücülük məktəbləri niyə bağlansın axı?!

Qısa araşdırmamız zamanı, yayılan məlumat təsdiqini tapmadı. Bununla belə, bəzi suallar açıq qalır. Məsələn, Azərbaycanda sürücülük məktəblərinin fəaliyyəti qane edicidirmi? Niyə bu sahədə inkişaf etmiş ölkələrdə olan normalar bizdə tətbiq olunmur?

Bu barədə suallarımızı "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri, yol hərəkəti qaydaları üzrə ekspert Azər Allahverənov cavablandırıb. Onun sözlərinə görə, bu sahədə bizdə hələ də SSRİ-dən qalma modeldən istifadə olunur.

"Bizdə bu sahədə SSRİ-dən qalma model mövcuddur. Hesab edirəm ki, sürücülük məktəblərinə olan yanaşma dəyişməlidir. Azərbaycanda sürücülük məktəbləri rəsmi surətdə qeydiyyatdan keçmiş hansısa təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən bir mərkəz kontekstində olur. Öz işini bu səpgidə təşkil edir. Bu məktəblərdə sadəcə nəqliyyat vasitəsini idarə etmək aşılanır. Nəticədə kursu bitirənlər də müvafiq arayışı alandan sonra gedir test imtahanı verməyə", — ekspert bildirib.

Allahverənovun dediyinə görə, test imtahanını uğurla verdikdən sonra, həmin şəxsə hansısa bir avtomobil verilir ki, sürmə qabiliyyətini göstərsin: "Və ən sonda sürücülük hüququnu təsdiq edən sənəd təqdim olunur. Reallıq bizdə bu cürdür. İdealda isə belədir ki, sürücülük məktəblərində maşın idarəetməsi ilə bağlı dərslər təşkil olunur, sürücülük vəsiqəsini almaq üçün imtahan vermək istəyən insanlar, nəinki nəqliyyat vasitəsini idarə etmək, həm də onun konstruksiyası haqda müəyyən bilgilərə yiyələnir. Ən sonda isə oxuduğu yerdən sürücülük hüququ alır".

© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov - Sputnik Azərbaycan
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Mütəxəssis hesab edir ki, sürücülük məktəblərinin statusu artırılmalıdır: "Mən çox istərdim ki, sürücülük məktəblərinin statusu artırılsın. Yəni bu məktəblərin statusu hansısa arayışı verməklə məhdudlaşmasın. Sürücülük məktəbini bitirmiş şəxsin əlindəki arayış onun nəqliyyat vasitəsini artıq idarə edə bildiyini göstərir".

"Ancaq bizdə, görün nə baş verir? Mən o arayışı alıram, gedib təzədən imtahan verirəm və üstəlik nəzəri imtahanı verəndən sonra praktiki biliyimi yoxlamaq üçün avtomobil idarə etmə qabiliyyətimi yoxlayırlar. Ən sonda sürücülük hüququnu verirlər. Onda belə çıxır ki, mən imtahandan keçə bilməsəm, oxuduğum sürücülük məktəbinin mənə verdiyi arayışın heç bir əhəmiyyəti yoxdur. Halbuki 45 gün ərzində məktəb mənə, ən azı nəqliyyat vasitəsini idarə etməyi öyrətməli idi. Mən bunu düzgün hesab etmirəm", — Allahverənov vurğulayıb.

Ekspert sonda əlavə edib ki, bu məktəblərin səlahiyyətinin artırılması ilə bağlı işlər həyata keçirilməlidir və onların verdiyi arayış sürücülük hüququnu ala bilmək üçün yetərli olmalıdır: "Sözün qısası, ölkəmizdə nəqliyyat sisteminə yanaşma tərzi yenilənməlidir. Buna ehtiyac var".

Xəbər lenti
0