BAKI, 15 dek-Sputnik. Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində növbəti faciə baş verib. Saniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub.
Sputnik SOCAR-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
1. Zülfüqarov Güloglan — maşinist
2. Zülfüqarov Azay — operator
3. Qurbanov Vidadi — operator
4. Həsənov Elçin — mexanik
5. Hacıəliyev Həsənağa — operator
6. Qafarov İlham — operator
7. Əsədov Samir — operator
8. Bəhrəmov Cavid — operator
9. Abbasov Ramiz — maşinist
10. Rüstəmov Qorxmaz — operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən ilin 4 dekabrında Xəzər dənizində baş vermiş güclü fırtına nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması şiddətli yanğına səbəb olmuşdu. Qəza nəticəsində platformanın 33 işçisinin həyatı xilas edilib. 11 neftçinin cəsədi tapılıb, 19 nəfər isə itkin düşmüş sayılır.