BAKI, 14 dek — Sputnik. "İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün istiqamətlərdə mühüm idi. Son illər ərzində bizim ölkələrin ticarət dövriyyəsi 4 milyard 850 milyon dollar təşkil edib. Azərbaycan İsrail üçün siyasi baxımdan da çox vacibdir".
Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin nəticələri" mövzusunda keçirilən tədbirdə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov belə deyib. Onun sözlərinə görə, Azərbaycan tolerantlığın tam müşahidə olunduğu yeganə müsəlman ölkəsidir: "Bizdə yəhudilər, xristianlar və müsəlmanlar arasında heç bir problem yoxdur. İsrailin Baş naziri də dünən qeyd edib ki, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya örnək olmalıdır. Bizə tarixdən də məlumdur ki, 1856-cı ildə Rusiyadan yəhudilər qovulanda, onların çoxu Azərbaycana gəldi. Dağ yəhudiləri isə burada əsrlərlə yaşayırlar. Azərbaycan əhalisinin yəhudi əhaliyə qarşı münasibəti həmişə yaxşı olub".
"Baku Network" Ekspert Şurasının sədri Elxan Ələsgərovun sözlərinə görə isə, Netanyahunun Azərbaycana səfəri gələcəyə olan başlanğıc kimi də qiymətləndirilə bilər: "Benyamin Netanyahunun Azərbaycana ilk səfəri 20 il qabaq olub. O, prezident Heydər Əliyevlə görüşmüşdü. Bu səfər də Azərbaycan üçün çox aktual idi, çünki 20 il əvvəl Azərbaycanın vəziyyəti fərqli idi. Azərbaycan, ərazilərinin hərbi işğalı təhlükəsi altında idi, erməni xüsusi xidmətlərinin həyata keçirdiyi terror hadisələrindən sonra Azərbaycan yenicə özünə gəlirdi, siyasi vəziyyət də sabit deyildi — müxtəlif qruplaşmalar aksiyalar keçirirdi. O vaxt İsrailin də vəziyyətində çətinlik vardı və iki ölkə yaxınlaşmağa başladı".
Ekspert bildirib ki, Azərbaycanla İsrailin münasibətləri siyasi, iqtisadi və hərbi sahələri əhatə edir: "Azərbaycanın atdığı addımlara İsrail dəstək verir. 2015-ci ildə İsrail prezidenti Xolokosta aid məruzəsində Xocalıya aid də bəyanat vermişdi. Bu, nadir bir dövlətdir ki, Azərbaycan xalqının həssas olduğu məsələlərə çox həssas yanaşır. İsrailin Azərbaycana hər sahədə göstərdiyi kömək aprel ayında özünü daha aydın göstərdi. Aprelin əvvəlində biz bu dəstəyi Qarabağ səmasında gördük. Bu, əslində dünyaya bir mesaj idi ki, hər iki dövlətin, xalqın münasibətləri gələcəkdə də inkişaf edəcək, iki xalqın xeyrinə olacaq".
"Düşünürəm ki, bu iki ölkə əməkdaşlığa məhkumdur. Bu səfərdən sonra isə əməkdaşlıq daha yüksək səviyyədə inkişaf edəcək. Prezident İlham Əliyevin şəxsən Netanhayuya olan münasibəti də ortadadır. Şəxsi münasibətləri çox gözəldir. Onu çox gözəl qarşıladı. Azərbaycanla İsrail arasındakı münasibətlər heç bir digər qonşu dövlətə qarşı yönəlməyib", —deyə Elxan Ələsgərov əlavə edib.
Tədbirdə iştirak edən politoloq Arzu Nağıyevin sözlərinə görə isə, İsrail Baş nazirinin Azərbaycana gəlişi müsbət hal kimi qiymətləndirilməlidir: "Son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir. Bildiyiniz kimi, əsas məqamlardan biri də hərbi məsələlərdir. İqtisadi və digər istiqamətlərdə də əməkdaşlıq davam edir. İsraillə Azərbaycan arasında silah-sursat müqaviləsi beş milyarda qədərdir. Aprel döyüşlərində də İsrail silahlarından istifadə olunub. Həm İsrail silahlarının reklamı getdi, həm də gücümüzü ermənilər gördülər".
"Ölkəmizdə yəhudi icmasının təşkil etdiyi məktəbdə dünən ivrit və Azərbaycan dilində mahnıların səsləndirilməsi ölkəmizin toleratlığını və multikultural dəyərlərini bir daha dünyaya göstərdi. Bu məqamdan İsrail də məmnundur. Eyni zamanda, son vaxtlar Azərbaycanın bir sıra dövlətlər arasında baş verən konfliktlərdə barışdırıcı rol oynaması İsrail-Fələstin qarşıdurmasının aradan qaldırılmasında da mühüm rol oynaya dilər. Yəni, İsrail-Azərbaycan münasibətləri çox doğru və müsbət istiqamətdə inkişaf edir. Bu münasibətlər təkcə Azərbaycana deyil, bütün regiona təsir edir", — politoloq vurğulayıb.
Nağıyev əlavə edib ki, bu gedişat kiməsə müsbət, kiməsə mənfi təsir edə bilər: "Misal üçün, İran fikirləşir ki, şiə yönümlü Azərbaycan niyə İsraillə bu qədər yaxınlıq edir? Ölkəmizin öz siyasəti var. Konkret siyasətimizi aparırıq. İsrail Baş nazirinin Azərbaycana səfəri erməniləri də ciddi narahat edir. Onlar öz KİV-lərinə tapşırıq veriblər ki, dünyada yaşayan yəhudilər arasında təbliğat aparsınlar, onların fikirlərini Azərbaycana qarşı yönəltsinlər. Yəni bu münasibətləri gözü götürməyən qüvvələr çoxdur".
Rusiyalı ekspert Pavel Klaçkov isə İsrailin tək Azərbaycan üçün deyil, Rusiya üçün də yetərincə perspektivli tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, təkcə son ildə Netanyahu 4 dəfə Rusiyada səfərdə olub: "İsrail Amerikaya çox yaxın olsa belə, o, Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Əlbəttə ki, bu, bizim münasibətlərə müsbət təsir etdi və onların inkişafına şərait yaratdı".
Ekspertin fikrincə, Azərbaycan beynəlxalq siyasətdə də mühüm rol oynamağa başlayıb: "Biz bunu Rusiya-Türkiyə münasibətlərinin bərpasında gördük. Bu əlaqələri düzəltmək asan iş deyildi".