BAKI, 18 okt — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Bu barədə Sputnik-ə BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir: "Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bildiririk ki, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları, ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır".
"Məqsəd müntəzəm sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır", — Agentlik sözçüsü bildirib.
N. Allahyarovanın dediyinə görə, bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir: "Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək".