BAKI, 12 dek — Sputnik. Səyyar ASAN xidmət 12-15 dekabr tarixində Cəlilabad rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Cəlilabad rayonunun Uzuntəpə qəsəbəsi, həmçinin Muğan, Söyüdlü və Maşlıq kəndlərinin sakinlərinə "Azərişıq" ASC tərəfindən istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi xidməti həyata keçiriləcək.
Bundan başqa, Səyyar ASAN xidmət avtobusları 14 noyabr — 13 dekabrda Astarada, 29 noyabr — 28 dekabrda Qubada, 2 — 16 dekabrda Saatlıda, 5 — 19 dekabrda Siyəzəndə, 5 — 24 dekabr Tovuzda, 5 — 14 dekabrda Qaradağ rayonunun Ələt qəsəbəsində, 9 — 28 dekabrda Ağcabədidə, 12 — 26 dekabrda Qobustanda vətəndaşların xidmətində olacaq. Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.