BAKI, 8 dek — Sputnik. İtaliyanın baş naziri Matteo Rentsinin istefasından sonra bütün diqqətlər, ölkədəki siyasi böhranı idarə edəcək prezident Sergio Mattarellanın üzərindədir. O, ya iqtidardakı Demokrat partiyadan bir ismə baş nazir vəzifəsi verməlidir, ya da erkən seçki təyin etməlidir. S.Mattarellanın qərar vermədən öncə siyasi partiyaların parlamentdəki nümayəndələri ilə məsləhətləşmələr aparması gözlənilir. Bir çox yerli ekspertlər İtaliyada erkən seçkilərin olacağını düşünür.
Əgər bu baş tutsa, boş qalan baş nazirlik postuna ən real namizəd "Beş ulduz" hərəkatının rəhbəri Beppe Grillodur. Beppe Grillo ölkəsində Avropa İttifaqı əleyhinə kampaniyalar aparan ən məşhur müxalif siyasətçi kimi tanınır. Onun erkən seçkilərdə qalib gələcəyinə qəti gözlə baxılır.
Sputnik xəbər verir ki, M.Rentsinin istefasına səbəb konstitusiya islahatlarına dair keçirilən referendumun nəticələri olub. Belə ki, baş nazir Avropa İttifaqı ilə əlaqələri daha da sıxlaşdırmaq üçün konstitusiyada dəyişikliklər edilməsi üçün partiyasının hazırladığı islahatlar paketini ümumxalq səsverməsinə çıxarmışdı. Lakin italiyalılar sözügedən layihənin əleyhinə səs verərək, Matteo Rentsinin istefa verməsini tələb edib.
Hazırda boş qalan baş nazirlik postuna ən real namizəd "Beş ulduz" hərəkatının rəhbəri Beppe Grillodur. Beppe Grillo ölkəsində Avropa İttifaqı əleyhinə kampaniyalar aparan ən məşhur müxalif siyasətçi kimi tanınır. Onun erkən seçkilərdə qalib gələcəyinə qəti gözlə baxılır.
Ümumilikdə Avropa qitəsində bir çox ölkədə, əsasən də inkişaf etmiş ölkələrdə Aİ əleyhinə yürüdülən siyasi kampaniyalar sürətlənib. Bu proses Britaniyanın "Brexit" qərarı ilə Avropa İttifaqından ayrılma qərarı verməsi ilə başlasa da, ardıcıl olaraq Fransa və İtaliyada da eyni ab-havanın yaranması Aİ-nin gələcəyini ciddi sual altına salıb.
Həm İtaliya, həm də Fransada yaxınlaşan seçkilərdə sağ təmayüllü siyasi partiyaların qalib gəlmə şansı olduqca yüksəkdir. Onlar ölkələrinin Avropa İttifaqından ayrılması üçün geniş kampaniyalar yürüdürlər. Maraqlısı odur ki, onları geniş xalq kütlələri də dəstəkləyir.
Avropada baş verən siyasi prosesləri Sputnik üçün şərh edən keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib ki, İttifaqdan sökülmə meylləri köhnə qitəyə xeyirli heç nə vəd etmir:
"Avropa dünyaya həmişə dəyərlər, mədəni töhfələr bəxş edib. Bu nöqteyi-nəzərdən Avropa öndə gedən mədəniyyət mərkəzi kimi diqqət çəkib. İkinci dünya müharibəsindən sonra dağılmış qitə öz gücünü birləşdirməklə yaranmış iqtisadi böhrandan çıxmağı bacardı. Müharibənin acı nəticələrini aradan qaldırmaq üçün bu birlik vacib hesab edilirdi".
Qabil Hüseynliyə görə, mövcud olduğu dövrdə Avropa İttifaqı özünü doğruldub: "Hazırki dövrə gəlincə, sağçılar əhalinin müəyyən narazıçılıqlarından istifadə edərək hakimiyyətə gəlmək istəyir. Bu gün köhnə qitədə millətçilik, irqçilik baş qaldırıb. 1930-cu illərdə olduğu kimi. Həmin dövrdə güclənən irqçilik meylləri faşizmi, nasizmi meydana çıxardı. Sonra nələrin baş verdiyini artıq bütün dünya bilir. Milyonlarla insan dünya müharibəsində həlak oldu. İndi də həmin ssenari davam edir. Bu dəfə faşizmi islamofobiya meylləri əvəzləyib. Yəni deməyim odur ki, bu proseslər Avropanı həmişə siyasi böhranlara sürükləyib".
Keçmiş dövlət müşaviri deyib ki, Aİ-nin öz sıralarını həddindən çox genişləndirməsi Fransanı və İtaliyanı ciddi narahat edir:
"Əgər Fransa və İtaliyada sağçılar hakimiyyətə gəlsələr, qitədə ciddi qarışıqlıqlar olacaq. Halbuki Aİ ölkələri bir olanda dünya siyasətində təsirli gücə malikdirlər. İngilislərdən sonra başlayan sökülmə prosesi Avropa üçün xeyirli bir şey vəd etmir" — Qabil Hüseynli əlavə edib.
Mövzunu Sputnik üçün şərh edən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, bir ya iki dövlət İttifaqdan ayrılsa belə, Aİ bütövlükdə dağılmayacaq:
"Bu bir prosesdir, demokratik proses. Əlbəttə hansı dövlət istəsə birlikdə qala və yaxud ayrıla bilər. Ancaq mən düşünmürəm ki, Avropa İttifaqı dağılsın. Bir-iki dövlətin ayrılmaq istəməsi, hər şey demək deyil".
Zərdüşt Əlizadə Fransa və İtaliyada davam edən siyasi böhranı belə şərh edib: "Bəli ola bilsin ki, həm Fransada həm də İtaliyada sağ təmayüllü qüvvələr hakimiyyətə gəlsin. Onlar öz kampaniyalarında Avropa İttifaqından ayrılma fikirlərini dilə gətirsələr də, seçiləcəkləri təqdirdə bunu daha mülayim formaya sala bilərlər. Misal üçün, Avropa İttifaqı qarşısında öz milli mənafelərini daha yüksək səslə ifadə edə bilərlər".