Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropa İttifaqının arxasınca sürünməyin mənası yoxdur"

© REUTERS / Murad Sezer/File PhotoTürkiyə və Avropa İttifaqı
Türkiyə və Avropa İttifaqı - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə, eynilə Rusiya kimi Avropa ilə Asiyanın arasındadır. Həm Qərblə, həm də Şərqlə əlaqəsini qorumalıdır"

BAKI, 25 noy — Sputnik. Avropa Parlamentinin Türkiyə ilə İttifaqa üzvlük müzakirələrini dayadırması barədə qərar qəbul etdiyini xəbər vermişdik. Avropalı parlamentarilər müzakirələrin dondurulmasına səbəb kimi, 9 maddə irəli sürüblər.

Avropa Parlamentində səsvermə - Sputnik Azərbaycan
Avropa Parlamenti Türkiyə ilə müzakirələri dayandırdı

Bunların içərisində ən çox diqqət çəkəni prezident Ərdoğanın bir neçə həftə əvvəl, 1923-cü ildə imzalanmış "Lozanna" sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə yer verilməsidir. Avropalı millət vəkilləri Türkiyə Prezidentinin dediklərinin qəbuledilməz olduğunu, rəsmi Ankaranın beynəlxalq aləmdə qəbul edilən sərhədləri tanımasının vacibliyini qeyd ediblər. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ötən ayın sonunda etdiyi bir çıxışı zamanı, 1923-cü ildə Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan və Aralıq dənizindəki bəzi adaların Yunanıstana verilməsini ehtiva edən "Lozanna" sülh sazişini türklər üçün zəfər yox, məğlubiyyət adlandırmışdı.

AP-nin müzakirələri dondurmaq qərarına səbəb olan digər maddələr isə, daha çox Türkiyə hökumətinin HDP-li millət vəkillərinə, o cümlədən Fətullah Gülən şəbəkəsinə qarşı yürütdüyü həbslərlə bağlıdır. Avropalı deputatlar iddia edirlər ki, həbslər ədalətə uyğun formada aparılmır. Həmçinin rəsmi Ankaranın terrorla mübarizə qanununda dəyişiklik etməməsi də avropalı deputatları narahat edib.

© Photo : Ahmet Akaydının şəxsi arxivindənTürk politoloq Ahmet Akaydın. Arxiv foto
Türk politoloq Ahmet Akaydın. Arxiv foto - Sputnik Azərbaycan
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli jurnalist-yazar Ahmet Akaydın, Avropa Parlamentinin qərarını ədalətsiz adlandırıb: "Avropalı deputatlar nəyə söykənərək belə bir qərar verdilər, anlamaq çox çətindir. Sadalanan maddələrdən birində qeyd olunur ki, fövqəladə vəziyyət rejimində aparılan bəzi istintaq işləri insan hüquqlarına ziddir. Avropalı parlamentarilər həm FETÖ-çülərin, həm də PKK ilə yaxınlıq edən HDP-li millət vəkillərinin həbsini doğru hesab etmir".

"İşin düşündürücü tərəfi odur ki, Fransada və Belçikada da fövqəladə vəziyyətdir. Və o ölkələrdə də, terrorla heç bir əlaqəsi olmayan müsəlman əsilli vətəndaşlar gecəyarısı evlərindən zorla polis bölmələrinə aparılırlar. Bəs Avropa bunları niyə görmür? Düşünürəm ki, Türkiyə ilə bağlı verilən qərarda niyyət təmiz deyil. Və çox ədalətsiz qərardır", — araşdırmaçı bildirib.

Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə Sputnik-ə açıqlamasında, Avropa ilə münasibətlər məsələsində Türkiyənin Rusiya ilə eyni taleyi bölüşdüyünü bildirib: "Türkiyə də eynilə Rusiya kimi Avropa ilə Asiyanın arasındadır. Həm Qərblə, həm də Şərqlə əlaqəsini qorumalıdır. Ankaranın, xüsusilə Avropa ilə münasibətlərini qoruyub saxlaması son dərəcə önəmlidir. Bu, həm də Azərbaycan üçün çox vacibdir".

VHP sədrinin fikrincə, Avropa dəyərlərindən birmənalı şəkildə imtina etmək olmaz: "Qərbyönlü siyasət deyəndə, bu o demək deyil ki, sən onların qulu olursan. Sadəcə olaraq, o dəyərlərə sayğı göstərmək və həmin dəyərləri öz ölkəndə tətbiq eləməkdir qərbyönlü siyasət aparmaq".

S. Rüstəmxanlı, Avropa Parlamentinin Türkiyəyə qarşı heç vaxt səmimi davranmadığını da qeyd edib: "Avropa Türkiyə ilə münasibətdə təəssüf ki, Azərbaycana qarşı olduğu kimi, heç vaxt səmimi olmayıb. AP-nin rəsmi Ankara qarşısındakı tələbləri və irəli sürdüyü şərtlər heç vaxt reallığı əks etdirməyib. Çünki o şərtlər içərisində PKK terror təşkilatına haqq qazandıran məqamlar var. Təsəvvür edin, rəsmi sənədlərində PKK-nı terror təşkilatı kimi tanıyırlar, amma Avropa Parlamentində onlara öz şüarlarını səsləndirmək imkanı tanıyırlar".

"Bu iki üzlülük deyil, bəs nədir? Avropadakı mətbuat, media və televiziyalar onlara açıq-aşkar dəstək verir. Türkiyə illərdir İttifaqla müzakirə aparır, onların tələblərini yerinə yetirməyə ciddi cəhd göstərir, amma Avropa hər dəfəsində yeni şərtlər irəli sürür. Artıq hamı bilir ki, Aİ heç vaxt Türkiyəni qəbul etməyəcək. Bunu özləri də açıq etiraf edirlər. Bildirirlər ki, Avropa İttifaqı xristian klubudur və müsəlman ölkənin bu klubda işi yoxdur", — siyasətçi vurğulayıb.

© facebook (Sabir Rüstəmxanlı)Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı - Sputnik Azərbaycan
Sabir Rüstəmxanlı

Onun sözlərinə görə, Türkiyə Avropanın arxasınca sürünməkdənsə üzünü Şərqə çevirməlidir: "Həmişə söyləmişəm ki, Türkiyə gərək üzünü Şərqə çevirsin. Şərqə deyəndə, o mənada yox ki, ölkə dini xurafata, diktaturaya, orta əsrlər düşüncəsinə üzünü çevirsin. Xeyr, türkdilli dövlətlərlə əlaqələrini gücləndirmək, əməkdaşlığını genişlətməyi nəzərdə tuturam. Çünki Avropanın dalınca nə qədər yüyürsə də, Türkiyəni heç vaxt o quruma üzv qəbul etməyəcəklər. Əgər hansısa iqtisadi birliyə üzvlük lazımdırsa, Şanxay Əməkdaşlıq təşkilatı yaxşı alternativ sayıla bilər".

Qeyd edək ki, Avropa Parlamentinin qərarını başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin siyasi elitası "heç bir mənası olmayan kağız parçası" adlandırıb. Baş nazir Binəli Yıldırım yerli və xarici jurnalistlərə açıqlamasında bildirib ki, "onsuz da Türkiyə-Avropa münasibətləri yaxşı səviyyədə deyildi və bu qərarın Türkiyə dövləti, xalqı üçün heç bir önəmi yoxdur".

Xəbər lenti
0