BAKI, 6 dek — Sputnik. "Mərkəzi Bank fəal olaraq izafi pul kütləsinin sterilizasiyası, yəni dövriyyədən çıxarılmasını həyata keçirib". Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, 2015-ci ildə pul kütləsi 50% azalıb: "2016-cı ildə Mərkəzi bank depozit əməliyyatları və qısamüddətli notlar vasitəsi ilə sterilizasiyasını davam etdirib. Mərkəzi Bank cari ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin əhəmiyyətli hissəsini sterilizasiya edib. Bu sterilizasiya əməliyyatlarının həcmi, təxminən 6 mlrd. manat təşkil edir. Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olması və orada gərginlik yaratmasının qarşısı alınıb".
"Məzənnə korreksiyası nəticəsində, 2015-2016-cı illərdə milli iqtisadiyyatın xarici ticarətdə qiymət üstünlüyünü ifadə edən əsas göstərici — manatın nominal və real effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən 50%-dən çox ucuzlaşıb. Bütövlükdə görülən tədbirlər strateji valyuta ehtiyatlarına düşən təzyiqi azaltmaqla və 2014-cü ilin transferləri bazasında, 2015-2017-ci illərdə 20 mlrd. dollardan çox strateji valyuta ehtiyatlarına qənaət etməyə imkan verib", — E. Rüstəmov vurğulayıb.