BAKI, 6 dek-Sputnik. Ekspertlərin fikrincə, Türkiyə 2017-ci ildə turizm bazarında itirdiyi mövqelərini özünə qaytaracaq.
Sputnik xəbər verir ki, bu barədə Rusiyanın Turoperatorlar Assosiasiyasının (ATOP) mətbuat xidməti məlumat yayıb. ATOP-un məlumatına görə, 2016-cı ilin 11 ayı ərzində Türkiyənin Antalya şəhərinə turislər üçün yol vərəqi (putyovka) alanların sayı 83%-ə qədər enərək, 469 min nəfər təşkil edib. Antalyaya Avropa ölkələrindən gələn turistlərin də sayı kəskin şəkildə aşağı düşüb. Amma 2017-ci ildə vəziyyətin müsbət istiqamətdə dəyişəcəyi gözlənilir.
Turoperatorların bildirdiyinə görə, Türkiyə kurortlarına turizm səyahətlərinin qiymətləri əlverişli olacaq. Mümkündür ki, onlar hətta 2015-ci il səviyyəsində saxlanılacaq, yaxud da daha da aşağı düşəcək. Türkiyə otelçiləri hazırda Rusiyalı turistlərlə maraqlanır və qiymətləri qaldırmağa tələsmir.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Türkiyə-Suriya sərhəddində Rusiyaya məxsus Su-24 təyyarəsi vurulandan və iki rus hərbçinin ölümündən sonra Ankara ilə Moskva arasında münasibətlər pisləşmişdi. Rusiya Türkiyə ilə çarter xəbərləşməsini və aviareysləri təxirə salmışdı. Yalnız Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək dialoqdan sonra iki ölkə arasında münasibətlər yumşalmağa başlamışdı. Dövlət başçıları 2016-cı ilin iyununda çarter reyslərinin bərpası barədə sənəd imzalayıblar.