BAKI, 5 iyul — Sputnik. Türkiyə ilə Rusiya arasında yaranmış böhranın aradan qaldırılması istiqamətində görülən işlər ən çox aviaşirkətlərin və turizmçilərin işinə yarayıb. Belə ki, Rusiya vətəndaşları hər şeyə rəğmən yay tətillərini yenidən Türkiyənin istirahət guşələrində keçirmək qərarına gəliblər.
Amma aviareyslərin çatışmazlığı çox sayda rus turisti Türkiyədəki yay əyləncəsindən məhrum edəcək. Rusiya Turoperatorlar Assosiasiyası (RTA) bəyan edib ki, Türkiyəyə istirahətə getmək istəyən Rusiya vətəndaşları çarter reyslərinin çatışmazlığı problemi ilə üzləşirlər.
Sputnik "Vedomosti"-yə istinadla xəbər verir ki, iyunun 30-da Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin düzəlməsinə yönəlik fərman verib. Bu fərmanla iki məhdudiyyət — Türkiyəyə turlar təşkil etməkdən çəkinmək və çarter aviadaşımaların qadağan edilməsi aradan qaldırılıb.
"Əlbəttə ki, aviauçuşlarla bağlı problemlər olacaq. Çünki bir çox aviaşirkətlər böhran səbəbindən uçuşları ixtisara salıb" — deyə RTA-nın vitse-prezidenti Dmitri Qorin bildirib.
"Turistik uçuşlar cədvəlində problem onsuz da Prezidentin göstərişindən əvvəl yaranmışdı. Öz növbəsində iri aviasiya daşıyıcısı olan "Transaero"nun bazardan çıxması da ümumi vəziyyətə təsir göstərib", — Qorin əlavə edib.
Vitse-prezidentin sözlərinə görə, kütləvi çarter reysləri avqustdan tez açılmayacaq: "O cür reyslərin açılması üçün "Rosaviasiya"nın icazəsi tələb olunur. Həmçinin bu bazarın bütün oyunçuları praktiki olaraq eyni vaxtda müraciətlər əsasında nizamlama işlərini yerinə yetirməlidirlər".
"Mövsümün ən qaynar vaxtında (iyun-avqust) Türkiyəni ayda 700 000 rus turist ziyarət edirdi. Hazırda bu rəqəm bir qədər aşağı olacaq. Kütləvi çarterlər yəqin ki, avqustda açılacaq. "Rosaviasiya"dan çarterlərə icazə almaq üçün aviaşirkətlər onların texniki imkanlarının olduğunu sübut etməlidir və yay proqramlarını dəyişdirməlidir", deyən Qorinin dediyinə görə, "Rosaviasiya" hazırda Türkiyəyə uçuşla bağlı bütün müraciətləri araşdırır.
"Rosaviasiya"dan isə bildiriblər ki, artıq bir çox aviaşirkətlərin reyslərindəki gecikmələr qeydə alınıb. Uçuş qrafiklərinin formalaşdırılmasına baxmayaraq, sərnişin daşıyan aviaşirkətlər vəziyyətdən çıxacaqlarına söz veriblər. Onlar bildiriblər ki, reyslərə əlavə təyyarələr buraxacaqlar, ya da populyar olmayan istiqamətlərdə uçan çarterləri təxirə salaraq Türkiyə istiqamətinə yönləndirəcəklər.
Bununla belə, heç də aviaşirkətlərin hamısı çarter üçün lazımı qədər təyyarə tapacaqlarından əmin deyil. "Biz hazırda ardıcıl reyslərlə Soçi və Simferopola, əsas çarterlərlə isə Tunis, Yunanıstan, Bolqarıstan istiqamətlərinə uçuruq. 2014-cü ilin yayından etibarən hər bir istiqamətdə uçuşlar 24-dən 10-na qədər azalıb. Buna görə də Türkiyə ilə bağlı nəsə etmək çətin olacaq. Bütün reyslərə çoxlu bilet satılıb. Yayın sonuna qədər bütün biletlər axıra qədər satılacaq", — "Şimal küləyi" (Nord Wind) aviaşirkətinin top-menecerlərindən biri "Vedomosti"yə açıqlamasında deyib.
"Şimal küləyi" Türkiyə və Misir çarterlərinin ixtisara salınmasına qədər bu bazarın ən böyük aviadaşıyıcısı hesab olunurdu. Top-menecerin sözlərinə görə, Türkiyə istiqamətində uçuşlar həmişə Rusiya aviaşirkətlərinə böyük qazanc gətirib. Çünki ikitərəfli uçuşlara bilet satışı əksər hallarda 100% olub ki, bu da şübhəsiz şirkətin gəlirlərinə müsbət təsir göstərib.
"Bizim 8 laynerimizdən ikisi daimi reysləri həyata keçirir. Onların cədvəlləri dəyişmir. Amma biz Türkiyəyə reysləri təmin edə bilərik. Artıq bir sıra çarter istiqamətlərini (məsələn, Krasnoyarskdan Yunanıstan və Kiprə) aşağı tələbat səbəbindən ixtisara salmışıq. Biz daha bir neçə çarteri də Türkiyə istiqamətinə yönləndirə bilərik. Türkiyəyə çarter aviadaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılmasından sonra ora ciddi turist axınının olacağı gözlənilir" — deyə "İkar" aviaşirkətinin baş direktor müavini Dmitri Zotin bildirib.
"Azur air"in nümayəndəsi isə qeyd edib ki, onların uçuş proqramı artıq formalaşıb: "Bununla belə, biz Türkiyəyə çarter daşımalarına başlamağa hazırıq. İlk olaraq biz Türkiyənin beş şəhərinə uçacağıq. Tələbatları nəzərə alaraq, avqustda həmin istiqamətə uçuşları artıracağıq".
O əlavə edib ki, ötən il aviaşirkət Rusiyanın 23 şəhərindən Türkiyəyə uçuşlar təşkil edirdi. Şirkət nümayəndəsi bu il həmin intensivliklə uçuşları praktiki baxımdan bərpa etməyin mümkün olmadığını da vurğulayıb.