BAKI, 5 dek — Sputnik. "Bakı Metropoliteni" QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatına görə, Almaniyanın "Vollert" şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.
Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Belə ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, «İçərişəhər-Sahil» mənzili boyunca) üçün əlverişlidir.
Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin gələcəkdə «Made in Azerbaijan» brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir.
Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə Bənövşəyi xəttin «Memar Əcəmi» və şərti adı «B-03» olan stansiyalararası yollarında, həmçinin «Nərimanov» elektrik deposunda sınaq yollarında istifadə ediləcək. "Bakı Metropoliteni" QSC-nin yaranmasından ötən qısa müddət ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib.
Eyni zamanda, 3 ədəd, hər biri 2 tonluq və 9 bar təzyiqli müasir qazanxana tikilərək istifadəyə verilib və obyektə saatda 540 kubmetr imkanlı 0,45 bar təzyiqli yeni qaz xətti çəkilib. Vaqon və yük maşınları üçün tərəzi də yenilənib.
Müəssisədə silos təsərrüfatı əsaslı surətdə yenidən qurulub. Belə ki, əvvəllər mövcud sayı 5 olan silos təsərrüfatından, sadəcə, ikisi işlək vəziyyətdə idi. Ancaq QSC yarandıqdan sonra yeni aspirasiya, filtr sistemi qurulmaqla əsaslı təmir həyata keçirilib və hər 5 silos təsərrüfatı tam işlək vəziyyətə gətirilib.