BAKI, 3 dek — Sputnik. Öskürək ayrıca bir xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.
Bu barədə Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir. Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin — selik durulaşır və onun xaric olunması asanlaşır.
Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik:
— 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.
Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.