BAKI, 3 dek — Sputnik. Avstriyalı genetiklər autizmə səbəb olan yeni mutasiyanı tapıblar. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər, autizmin DNT-də baş verən çoxlu mutasiyalar nəticəsində meydana çıxdığını müəyyənləşdiriblər.
Bu araşdırma metodikasının çətinliyi ondadır ki, autizmdən əziyyət çəkən xəstələrdə bu mutasiya nadir hallarda baş verir. Tədqiqatçılar autizmə səbəb olan nadir bir geni — SLC7A5-i tapıblar.
Tədqiqatçıların bildirdiyinə görə, yeni gen haqqında informasiya autizmin müalicəsi istiqamətində atılmış ciddi bir addımdır və mütəxəssisləri onun müalicəsinə yaxınlaşdırır. Alimlər bildiriblər ki, bu gen barədə məlumatları araşdırarkən onlar, demək olar, autizmin bütün əlamətlərinin ortadan qaldırılması üçün zəruri olan açarı əldə ediblər.
Mütəxəssislərin izahına görə, SLC7A5 insan beyninin qan-damar sisteminə bəzi amin turşularının çatdırılması funksiyasını yerinə yetirir. Onun işinin pozulması nəticəsində, yaxud da o, mövcud olmadıqda, baş-beyin kifayət qədər qida qəbul etmir. Bu da o deməkdir ki, beyin öz funksiyasını normal yerinə yetirə bilmir.
Daha əvvəl ABŞ-dan olan ekspertlər bildirmişdilər ki, dünyadakı hər 69 uşaqdan biri autizmdən əziyyət çəkir və hər il dünyada autizmli uşaqların sayı 13% artır.