Sputnik xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı, parlamentdə büdcə müzakirələri zamanı deyib. Millət vəkili bildirib ki, enerji daşıyıcılarının qiymətlərinin Tarif Şurası tərəfindən artırılması kənd təsərrüfatı məhsullarının ilkin emalına ciddi zərbələr vuracaq: "Həm süd, həm ət məhsulları istehsal edən müəssisələrin, tərəvəz hazırlayan müəssisələrin ümumi gedişinə çox ağır, ciddi zərbələr vuracaq. Əgər sahibkar ayda 25 min manat tərəvəz istehsalına görə qaz pulu ödəyirdisə, indi onun miqdarı 50 min manat olacaq".
"Bu gün ölkə xaricindən alınan bütün avadanlıqlar dollarla alınır — gübrələr də. İstixanalarda güzəşt yoxdur. Onun da qiyməti artıb. Artıq təsəvvür edin ki, 7 ay ərzində Azərbaycanda tərəvəz məhsullarının istehsalında çox ciddi problemlər yaranacaq. Təəssüf ki, bunun nəticələrini görəcəyik", — millət vəkili qeyd edib.
O, təklif edib ki, ən azından, Tarif Şurası vətəndaşlara qazın və işığın verilməsi ilə bağlı kvotaları artırsın: "250 kilovat-saat əvəzinə 500 kilovat-saat, 1500 kubmetr əvəzinə 3000 kubmetr qazın verilməsi yaxşı olardı. Çünki, kəndlərdə insanlar qışda, ancaq qaz ilə isinirlər. Kvota buna bəs etmir. Bakıda da vahid istilik sistemi olmadığına görə, yenə bu problem var. Ona görə də Tarif Şurası kvotaların artırılmasına baxsa, yaxşı olar".