BAKI, 2 dek — Sputnik. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
İşıq və qazın qiymətinin artırılması bir çox sahələrdə qiymət artımının olacağı anlamına gəlir. Sputnik-in əməkdaşı sosial şəbəkə istifadəçilərinin, "Elektrik enerjisi və təbii qazın qiyməti qalxdı. Bununla əlaqədar olaraq hansı sahələrdə bahalaşma gözləyirsiniz?" sualına münasibətini öyrənib.
Ayşən Ağayeva: "Nəqliyyat vasitələrində gediş haqqı artırılacaq. Artıq Dəmir yollarında qiymətlərin qalxacağı açıqlanıb. Konserv məhsullarının qiymətində artım olacaq. Çörəyin qiyməti qalxacaq. Ya da ölçüsü azalacaq. Çox güman, kafelər də menyuda qiymətləri dəyişəcək".
Elşən Ağalar: "Bir dəfə də olsun, eşitmədik və görmədik ki, qiymətlər endirilsin. Güman edirəm, hər zaman olduğu kimi, əsasən ərzaq, yeyinti məhsulları sahəsində bahalaşma olacaq".
Leyli Səfərova: "İşığın və qazın sərfiyyatı harada çoxdursa, o sahələrdə qiymət artımı olacaq. Metroda gediş haqqı çox güman ki, qalxacaq. Digər sahələrdən də ən birinci qida məhsullarının qiyməti artacaq".
Sahil Məmmədli: "Komunal xərclərin, dərman vasitələrinin qiymətləri artacaq və bu artım hər sahədə öz təsirini göstərəcək. Nəqliyyat vasitələrində gediş haqqına, yeyinti məhsullarına, kənd təsərrüfatı məhsullarına mənfi təsirini görsədəcək. Ən əsası, süni qiymət artımına təkan verəcək".
Mayis Əlizadə: "Daim var olan inflyasiyaçı təzyiq daha da güclənərək daha çıxılmaz vəziyyət yaradacaq. Böhrandan çıxış yolunu qazın qiymətini qaldırmaqda görürlərsə… Vəziyyət komikdir".
Elmir Ağayev: "Qaz və işıqdakı qiymət artımı məktəb illərində keçdiyimiz "Meyvələrin söhbəti" şerinə bənzədi. İndi bir azdan su dillənəcək ki, "Xeyir ola, qazın və işığın məndən nəyi artıqdır? İnsanlara həyat verən mənəm, mən isə köhnə taarifdə qalmışam"".
Rufan Abbasov: "Hər sahədə qiymət artımı olacaq. Qaz özü bir çox sahələrə təsir edir. Məsələn, qış mövsümündə istixanalarda yetişdirilən meyvə-tərəvəz qazın hesabına ərsəyə gəlir. Elektriksiz isə həyatı təsəvvür eləmək mümkün deyil. Odur ki, bahalaşmanı hər sahədə gözləyirəm. Mənim ehtimalıma görə, yanacağın da qiyməti bahalaşacaq. Üstəlik nəqliyyatın da qiymətində bahalaşma istisna olunmur. Marketlər elektrikdən intensiv istifadə elədikləri üçün qiymət artımı bu sahədə də gözlənilə biləndir".
Hüseyn Əlövsətov: "Sözsüz ki, hər şeyin qiyməti qalxacaq".