BAKI, 30 noy — Sputnik. Çayın faydaları haqqında çoxlu sayda araşdırmalar var.
Çay orqanizmi tonuslaşdırır, qocalma proseslərini ləngidir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, immun sistemi üçün faydalıdır, xərçəngəleyhinə təsirə malikdir. Sputnik Saglamolun.az-a istinadən bildirir ki, çayın dadını yaxşılaşdırmaq və ya onu daha da faydalı etmək üçün biz çaya şəkər tozu, bal, limon və s. əlavə edirik. Lakin mütəxəssislər bunu mənasız və bəzən hətta ziyanlı hesab edir.
Çay və şəkər tozu
Mütəxəssislərin fikirinə görə bu çayın dadını pisləşdirir və həmçinin faydalı xüsusiyyətlərini azaldır. Belə ki, araşdırmalar göstərib ki, şəkər tozu çayın xərçəng əleyhinə təsirini azaldır.
Çay və bal
Bal çox faydalı və müalicəvi məhsuldur. Lakin isti çayda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta mütəxəssislərin fikrinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti çayda parçalanır.
Bu səbəbdən baldan fayda almaq üçün onu ilıq suda həll edin.
Çay və limon
İnsanların əksəriyyəti belə fikirləşir ki, limonu çaya əlavə eməklə çayın faydası artır. Lakin bu belə deyil.
Limonun əsas faydası ondan ibarətdir ki, limon C vitamini ilə zəngindir. Lakin, C vitamini yüksək temperaturun təsirindən dağılır.