BAKI, 29 noy — Sputnik. "Rusiya ilə Belarusun münasibətlərini korlamaq istəyən qüvvələr çoxdur. Onlar bu məqsədlə Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərindən də istifadə etmək istəyiblər. Lakin prezident göstərdi ki, biz həm Azərbaycan, həm Rusiya, həm də digər hər hansı bir MDB ölkəsi ilə əməkdaşlığa çalışırıq. Bizim üçün bu münasibətləri qorumaq çox vacibdir".
Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Belarus Prezidentinin Azərbaycana səfərinin ilkin nəticələri" mövzusunda keçirilən video-körpüdə, beloruslu politoloq Pavel Potapeyko belə deyib. Onun sözlərinə görə, bizim ölkələrdə kənd təsərrüfatının inkişafı üçün yaxşı şans var: "Avropa İttifaqı bizim məhsulları öz bazarına çıxarmağa heç vaxt imkan verməyəcək. Bu illüziyanı qidalandırmaq lazım deyil. Bizə deyirdilər ki, kənd təsərrüfatı və sənaye sahəsinin gələcəyi yoxdur, biz də onları yetərincə inkişaf etdirmədik. Amma bu, düz deyildi. İndi bizim bu sahələri inkişaf etdirmək üçün yaxşı şansımız var. Gəlin, bu sahələri gələcək nəsillər üçün bərpa edək".
Tədbirdə iştirak edən politoloq Tofiq Abbasovun sözlərinə görə isə, prezident Lukaşenkonun Azərbaycana səfəri bir çox yerli və xarici KİV-lərdə müsbət xəbərlərlə qarşılanıb: "Çünki söhbət iki adekvat subyektin — dövlətlərimizin qarşılıqlı münasibətlərindən gedir. Bizim ölkələrin başında illüziyalarla məşğul olmayan, geoiqtisadi parametrləri anlayan praqmatiklər dayanıb".
"İki ölkə arasında siyasi dialoqdan idmana qədər — müxtəlif sahələrdə möhkəm əlaqələr var. Bütün bu amillər və ölkə başçılarının mütəmadi səfərləri göstərir ki, əlaqələrimiz yüksəlişə doğru hərəkət edir", — T. Abbasov qeyd edib.
"Bizim münasibətləri korlamaq istəyən ölkələr də var. Elə böyük dövlətlər var ki, öz daxilində baş verən ən kobud insan hüquqları pozuntularına göz yumaraq bizə nəsə öyrətməyə çalışır. Misal üçün ABŞ-da keçirilən prezident seçkilərinə baxa bilərik. Lakin Bakı və Minsk hər sahədə xeyir verən inkişaf istiqamətini seçərək, əsl dövlətlərarası münasibətlərin necə olduğunu göstərirlər", — deyə politoloq bildirib.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri 28-29 noyabr tarixlərində baş tutub.