Sputnik QKÇP-nin (Fövqəladə Hallar Üzrə Dövlət Komissiyası) avqust inqilabı və SSRİ-nin dağılmasının 25 illiyinə həsr olunmuş materiallar seriyasını davam etdirir. Biz qəhrəmanlarımızla birlikdə sovet dövründə baş vermiş ən maraqlı şeyləri xatırlayır və bu günümüzlə müqayisə edirik.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 24 noy — Sputnik. Sovet dövrü — bu, çoxları üçün müstəmləkə rejiminin hakim olduğu dövr, bəziləri üçün rahat, təminatlı cəmiyyət, bəziləri üçün isə bitmiş bir tarixdir. Doğrudur, sovet rejimində Azərbaycan müstəqil deyildi. Amma danılmaz faktdır ki, Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi hər bir sahədə özünü göstərdi.
Bu dövrdə Azərbaycan təhsil, mədəniyyət, səhiyyə, sənayenin inkişafı cəhətdən keyfiyyətcə yeni və o zamana qədər mövcud olmamış bir mərhələyə daxil olmuşdu. O dövrü Sputnik-ə, sovet dövründə aqronomluqdan tutmuş kolxoz sədrinə qədər bir sıra postlarda çalışmış Qurban Abbasov anladır.
"Sovet dövründə sosializm qayda-qanunları ilə hər bir fəhlə, kəndli işləyirdi, zəhmət haqqını alırdı. O cümlədən də bütün işçilər öz əməkhaqqını dövlətdən alırdılar. İstehsal etdiyi hər bir məhsula görə, istər barama, istər tütün, istər taxıl, fındıq və sair, insanlar əməkhaqlarını alırdılar. Bütün sahələrdə istehsal olunan məhsullara görə əməkhaqqı kolxozçuya illik bölünürdü. Hər ilin yekununda əgər əlavə gəlir olsa, istər heyvandarlıq sahəsində, istərsə də bitkiçilik sahəsində mütəxəssislərə mükafat da verilirdi. Mən beş il kolxozda partiya katibi işləmişəm. Kolxozçuların əməkhaqları həmişə vaxtı-vaxtında verilirdi, heç bir narazılıq da olmurdu", deyən Abbasova görə, Sovet cəmiyyəti insanların yaşaması üçün əlverişli və ədalətli cəmiyyət idi.
"Çünki o cəmiyyətdə insana fərq qoyulmurdu, hamı bərabər şərtlər altında işləyib yaşayırdı. Fəhlə və kəndlinin baş üstə yeri vardı. Onların sözü, istəyi həlledici idi. Dünyada başqa heç bir cəmiyyət fəhlə və kəndliyə bu qədər yüksək qiymət, bu qədər üstün hüquqlar verməyib", — deyə Qax rayonunun keçmiş "Nəsimi" kolxozunun sabiq sədri bildirir.
"Bəs sizcə, insanlar üçün bu qədər münbit mühit yaratmış bir sistem və SSRİ kimi nəhəng bir dövlət niyə dağıldı?" sualına cavabında Abbasov deyir: "Ümumiyyətlə kolxozların, Sovet sisteminin dağılması prosesi Dağlıq Qarabağ məsələsi ilə başladı. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı planlarını fəal şəkildə yerinə yetirməyə başlaması, ardından da 1990-cı ildə baş verən 20 yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirdi. Bundan sonra da Azərbaycan xalqı SSRİ-yə nifrət elədi. Çünki başda Mixail Qorbaçov olmaqla, SSRİ rəhbərliyi ermənilərin sözünü deməyə, Azərbaycana qarşı düşmən münasibət bəsləməyə başladı".
"Halbuki Azərbaycan sovet respublikaları içərisində SSRİ-yə ən sadiq respublika idi. Erməniləri azərbaycanlılara qarşı qaldırdılar və beləliklə də SSRİ-nin dağılması prosesinə start verildi. Əslində bu, nə erməninin, nə də azərbaycanlının günahı idi. Sadə xalq nə baş verdiyini bilmirdi. SSRİ KP MK-nın baş katibi Qorbaçovun məsuliyyətsizliyi ucbatından baş verdi hər şey. Partiya həmişə xalqın arxasında durub, həmişə avanqard olub, həmişə xalqı dəstəkləyib, kasıb təbəqəyə üstünlük verib. Amma Qorbaçov sovet xalqının inamını sarsıtdı, xalqı pis vəziyyətə saldı, millətləri bir-birinə qarşı qoydu", — həmsöhbətimiz bildirir.
Qurban Abbasovun fikrincə, o dövlətin dağıdılması strateji səhv idi: "Çünki o, ABŞ-ın birqütblü dünya yaratmaq arzusunun qabağında dayanmışdı. Biz o dövlətin vətəndaşı olmağımızla fəxr edirdik. Bizim pasportumuzda yazılmışdı: "Гражданин Советский союз" (Sovet İttifaqı vətəndaşı). 15 respublikanın 15-nin də vətəndaşları bir sovet pasportu ilə sərbəst şəkildə gəzirdilər. Biz sovet xalqlarının dostluğuna, qardaşlığına səmimi şəkildə inanırdıq. Dövlətimizin inkişafı üçün gecə-gündüz, yorulmadan işləyir, bizə qoyulmuş illik və beşillik planı doldurmağa çalışırdıq".
"O dövrün gəncləri, uşaqları qayğısız idilər. Fəhlə bilirdi ki, işləyəcək, ev növbəsinə duracaq və dövlət onu evlə təmin edəcək. Kəndli də bilirdi ki, torpağı əkib-becərəcək, ona düşən əməkhaqqı ilə ev tikəcək, ailə quracaq, uşaqları oxudacaq, adam kimi yaşayacaq" — müsahibimiz fikirlərini yekunlaşdırır.
Qeyd edək ki, Qurban Abbasov indiyə qədər Kommunist Partiyasına və onun dahi rəhbərinə sadiqdir. 1991-ci ildə hamı partiya biletini və evində saxladığı Leninin büstünü atsa da, o, atmayıb. Sosialist inqilabının banisi və sovet xalqlarınını dahi rəhbəri Vladimir İliç Leninin büstü hələ də Qurban Abbasovun evində qalır.