BAKI, 23 noy-Sputnik. NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısı bır sıra tərəflərilə yadda qalıb. Regionda baş verən hərbi münaqişələrin əsas müzakirə mövzusu olduğu toplantı Türkiyənin bölgədə əsas güc mərkəzi olduğunu bir daha təsdiqləyib.
Bunu Sputnik-ə verdiyi açıqlamada AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.
O qeyd edib ki, sözügedən tədbirin Azərbaycan üçün də bir sıra özəllikləri olub. Ən başlıcası strateji müttəfiqimiz olan Türkiyənin regiondakı siyasi və hərbi gücü etiraf edilib. İkincisi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə dair sənəd qəbul olunub ki, bu da Azərbaycan üçün çox ciddi əhəmiyyət kəsb edir. Üçüncüsü, erməni deputatlar müzakirələr zamanı ifşa olunublar. Onların qeyri-peşəkar, səhvlərlə dolu sualları Türkiyə rəsmilərinə İrəvanı ifşa etmək və pis niyyətli olduqlarını sübut etmək üçün imkan yaradıb.
"Müzakirələrdən də göründü ki, Türkiyənin bölgədə baş verən proseslərlə bağlı mövqeyi aydındır. Rəsmi Ankara münaqişəli vəziyyətdə olan ölkələrin heç birinin ərazi bütövlüyünə şübhə ilə yanaşmır. Halbuki, orada bəzi şəhərlər tarixən Türkiyənin ərazisi olub. Həmin şəhərlərdə bu gün çoxlu sayda türklər yaşayır və Türkiyədən dəstək umurlar. Amma Ankara ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Türkiyənin bu cür aydın və ədalətli mövqeyi onun bölgədəki nüfuzunu daha da artırır. Bütün dünya anlayır ki, Türkiyənin iştirakı və razılığı olmadan bölgədə heç bir problem həllini tapa bilməz".
Rufiz Qonaqova görə, ümumiyyətlə, dünya ermənilərin qaragüruh bəyanatlarından, intriqalarından yorulub: "Həm başqa bir dövlətin ərazisini işğal et, həm də özünü fağır, əzilən millət kimi apar, buna heç kəs inanmayacaq. Dünya Ermənistanın işğalçı, hiyləgər dövlət olduğunu artıq qəbul edir. Amma təəssüf ki, işğalçıya qarşı adekvat addımlar atılmır. Bütün hallarda mötəbər tədbirlərdə Azərbaycanın problemlərinin dilə gətirilməsi, işğalçı Ermənistanın ifşa olunması vacibdir və bu, münaqişənin bizim maraqlarımız çərçivəsində həllinə müsbət təsir göstərir".