BAKI, 28 dek-Sputnik. Dağlıq Qarabağda olan ermənilər ürəklərində özlərini Azərbaycan vətəndaşı hesab edirlər. Ancaq qorxularından bunu açıq deyə bilmirlər.
Sputnik-in məlumatına görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Səfərovun sözlərinə görə, Qarabağın azərbaycanlı icması və erməni tərəfi həmişə görüşmək istəyir, ancaq Ermənistanın hazırkı hakimiyyəti ermənilərə görüş üçün şərait yaratmır.
Onun sözlərinə görə, sadə ermənilər bilir ki, Azərbaycan vətəndaşı olsalar, onlara bütün güzəştlər ediləcək, digər azsaylı xalqlar kimi firavan həyat sürəcəklər.
"Ermənistan hakimiyyəti də belə vəziyyətdə çətinliyə düşməmək üçün görüşə imkan yaratmır. Onlar bilir ki, ermənilər bizimlə görüşsələr, Azərbaycanın yaxşı yaşayışını görüb, bizim tərəfə keçəcəklər" — deyə Səfərov əlavə edib.
Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub. Bayram Səfərov ziyarət sırasında jurnalistlər üçün brifinq keçirib.