BAKI, 25 okt — Sputnik. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik hazırda Yerevanda mətbuat konfransı keçirir. Sputnik-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, o, qeyd edib ki, Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmağa və həllə nail olmağa çalışır.
"Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Mən buna əminəm" — deyə Uorlik bildirib.
Region sakinlərinin sülh şəraitində yaşamaq hüququnun olduğunu xatırladan həmsədr deyib ki, Azərbaycan və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşadığını görmək onun arzusudur: "Dağlıq Qarabağ münaqişəsinin həllində insanlar arasında əlaqələrin olması vacibdir. Minsk qrupunun vasitəçilər isə bu əlaqələri dəstəkləməyə çalışır".
Qeyd edək ki, Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində qondarma "Dağlıq Qarabağ" rejiminin başçısı Bako Saakyanla görüşüblər. Saakyan bu görüşdə də Azərbaycanı "destruktiv mövqeyinə" sadiq qalmaqda, atəşkəs rejimini pozmaqda və anti-erməni siyasətini davam etdirməkdə günahlandırıb.