BAKI, 22 noy — Sputnik. Ötən gün saytımızda, Kəlbəcər rayonunun Narınclar kəndindən olan, hazırda İmişlidəki qış otlağında məskunlaşan məcburi köçkünlərə, elektrik enerjisindən istifadəyə görə minlərlə manat debitor borclarının olduğu barədə bildirişlər gəldiyi barədə məlumat vermişdik. Məsələyə, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin münasibətini öyrəndik.
"Bu, orada yaşayanların ümumi sayğacının borcudur. Bir nəfərə bu qədər borc yazılmaz. Abonentlərə xəbərdarlıq vermişik. Getsinlər araşdırsınlar", — o, Sputnik-ə açıqlamasında bildirdi.
Mustafayevin dediyinə görə, həmin məcburi köçkünlərin ümumi sayğacı var: "Bu borc həmin ümumi sayğacın borcudur. Harada yaşamasından asılı olmayaraq, hər bir qaçqın və məcburi köçkünün sərf etdiyi 150 kilovat-saat elektrik enerjisinin ödənişini dövlət ödəyir. Qalan işlətdiyini özü ödəməlidir. Bu, hər yerdə belədir. Hər şey qanun çərçivəsindədir. "Azərişıq" dövründən debitor borcu yaranan abonentlərə biz xəbərdarlıq vermişdik".
"Bir ailəyə 12 min manat borc yazılar? Zavod deyil, fabrik deyil. Getsinlər, rayonda araşdırsınlar, görsünlər ki, kimin nə qədər borcu var. Nə qədər dövlət ödəyib, hamısı bizdə kompüterdə var. "Azərişıq" dövründən nə qədər debitor borcu qaldığı bizdə var. Biz verdiyimiz enerjinin hesabatını bilirik. Balans sayğacımız var. Kimin problemi varsa, işıq idarəsinə getsin, indi "ASAN xidmət" də o işləri görür. Borcun məbləğini "ASAN Xidmət"dən də öyrənə bilər. Mobil telefondan da öyrənə bilərlər. Biz bu qədər yeniliklər etmişik", — deyə "Azərişıq" sözçüsü qeyd edib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə Sputnik-ə deyib ki, məcburi köçkünlər üçün adambaşına aylıq sərfiyyat limiti nəzərdə tutulur: "Adambaşına ayrılmış limit dövlət tərəfindən ödənilir. Əgər nəzərdə tutulmuş limitdən artıq istifadə edirsə, onda borc yaranır".
"İstənilən halda, biz borcu olan məcburi köçkünün adını dəqiq bilib, bu məsələni araşdıra bilərik. Onda biləcəyik ki, bu problem nədən ibarətdir. Limitdən artıq kim yandırırsa, hər bir kəs pulunu ödəməlidir", — Komitə rəsmisi vurğulayıb.
Qeyd edək ki, Sputnik-ə müraciət edən məcburi köçkünlərin sözlərinə görə, onlara paylanılan bildirişdə ağlasığmaz məbləğ yazılıb: "İşıq idarəsinin işçisi gəlib bildiriş paylayıb. Kiminə 5, kiminə 10, kiminə 12 min manat borc yazılıb. Evlərimizə sayğac qoyulmasa da, "Azərişıq"ın yerli idarəsinin təqdim etdiyi bildirişdə sayğac nömrəsi və sərfiyyat göstəricisi qeyd olunub".