BAKI, 22 noy — Sputnik. Fransada sağçılar və mərkəzçilərin prezident praymerizinin ilk turu sensasiya ilə nəticələnib: qələbəni rusiyayönümlü namizəd hesab olunan, keçmiş baş nazir Fransua Fiyon qazanıb. İkinci turda isə o, keçmiş baş nazir Alen Jüpe ilə qarşılaşacaq.
Sabiq prezident Nikola Sarkozi isə sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirilən ilkin seçkilərdə məğlub olub. Sarkozi öz məğlubiyyətini etiraf edərək seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.
Qara at
İlkin seçkilərin birinci turunda Respublikaçılar Partiyasının 6, Xristian-Demokrat Partiyasının isə 1 namizədi mübarizə aparıb. Müşahidəçilər və sorğu nəticələri üstünlüyü Alen Jüpe və Nikolya Sarkoziyə verirdilər. Lakin tele-debatların başlanmasından sonra vəziyyət dəyişdi, Fransua Fiyon öz rəqiblərini üstələdi.
Seçkilərin ilkin nəticələrinə əsasən, F. Fiyon 43,6%, A.Jüpe — 26,7%, N. Sarkozi isə 22,9% səs toplayıb. Müşahidəçilər seçkilərdə iştirakın olduqca yüksək olduğunu qeyd ediblər.
Fransa sağçılarının ilkin seçkilərində partiya bileti tələb olunmadığına görə, burada müxtəlif siyasi cərəyanlardan olan vətəndaşların iştirakı mümkündür. Məsələn, son seçkiyə gələnlərin 15%-i əslində sol mərkəzin seçiciləri, 8%-i isə özlərini radikal sağa yaxın hiss edən vətəndaşlar təşkil edib. Ümumilikdə isə seçkidə 4 — 4,3 milyon nəfər iştirak edib.
İkinci tur
Hər iki finalçı seçicilərə təşəkkür edərək mübarizəni davam etməyə hazır olduqlarını bildirdilər. "Mən aydın və güclü layihə ilə sonadək getmək niyyətindəyəm. Mən Fransada vəziyyəti düzəltmək istəyənlər və həqiqəti deməyə çalışanlarlayam. Bu, azad düşüncəli xalqın ümididir", — Fiyon bildirib.
O, beş illik uğursuzluğa son qoymağın zamanı çatdığını deyib: "Mənim layihəm yeni ümidlər yaradacaq. Mən dəyərlərinin qazanmasını istəyən sağçı və mərkəzçilərin seçicilərini öz arxamca aparıram".
"İlk tur sürprizlə nəticələndi. Siz istəsəniz, gələn bazar günü biz başqa bir sürprizə nail olarıq", — deyə Jüpe öz növbəsində bildirib.
Namizədlər nə ilə tanınırlar?
Fransanın klassik sağçılarından sayılan Fransua Fiyon 2007-2012-ci illərdə, Sarkozinin prezidentliyi dövründə baş nazir olub. O, peşəkar siyasətçidir. Demək olar ki, onun bütün karyerası siyasətlə bağlıdır. 1981-ci ildə o, 27 yaşında doğulduğu Sart şəhərindən Fransa Milli Assambleyasına seçilən ən gənc millət vəkili olub. Fiyon 2002-ci ilə qədər deputat olaraq qanunvericilik fəaliyyətini sürdürüb.
Bununla bərabər, Fiyon 1983-2001-ci illər ərzində Sabl-sür-art şəhərinin meri vəzifəsini tutub. Fiyon həm Jak Şirak, həm də Nikola Sarkozinin vaxtında yüksək vəzifələrə yiyələnib. 2007-ci ildə isə Fiyon prezident seçkisi zamanı Nikola Sakozinin seçki qərargahının rəhbəri olub.
Fiyonun sədaqətini yüksək qiymətləndirən Sarkozi ona icraedici strukturda ikinci böyük vəzifəni — baş nazir postunu tapşırıb. Sarkozi prezidentliyi dövründə 3 dəfə hökuməti istefaya göndərsə də, hər 3 hökumətdə baş nazir dəyişməz qalıb.
"Le Fiqaro"nun yazdığına görə, onun proqramında dövlət xərclərinin 110 milyard avroya qədər azaldılması, habelə dövlət strukturlarında kütləvi ixtisarların aparılması (bu, Fransua Fiyonun ən ambisiyalı proqramı sayılır, sabiq baş nazir prezident seçilərsə, 500 min civarında iş yerini ixtisar edəcəyini bildirib — red.), habelə pensiya yaşının 65-ə yüksələcəyini və 35 saatlıq iş vaxtının ləğv edilərək 39 saata qədər artırılacağını vəd edib. Şübhəsiz, Fransua Fiyonun yüksəlişi Avropa siyasətini də yaxından maraqlandıran hadisə sayılmalıdır.
Alen Jüpe isə 1995-1997-ci illərdə (prezident Jak Şirak dövründə) fransız hökumətinə rəhbərlik edib. 2007-ci ildə Nikola Sarkozi hakimiyyətə gələndə Nazirlər Kabinetinə qayıdıb.
Praymerizdən öncə o, Avropa İttifaqının daxili sərhədlərində nəzarətin gücləndirilməsi zərurəti haqda danışıb. Bundan başqa o, Fransua Ollandı, "böyük ölkə" adlandırdığı Rusiyaya qarşı keçirdiyi siyasətə görə tənqid edirdi.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu 23 aprel 2017-ci il tarixində baş tutacaq.