Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 21 noy — Sputnik. Respublikamızın ərazisində mövcud olan meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan əlavə meşə ilə ortülü sahə 1021,88 min hektar olmaqla, ümumi ərazinin 12%-nə qədəridir.
Hər adam başına, təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Bunun təbii səbəbləri ilə yanaşı, vaxilə zəngin meşələrin məhv edilərək yerində evlərin tikilməsi, həmçinin ötən əsrin 90-cı illərin bölgələrdə mavi qazın olmaması səbəbindən, ağacların qırılması da xüsusi rol oynayıb.
Ölkə ərazisində mövcud olan meşə sahəsi dünya standartlarından az olsa da, tərkibi və rəngarəngliyi baxımından zəngin hesab olunur. Burada 435 növ ağac və kol bitir, onlardan 70-i endemik növlərə aiddir.
Ölkəmizin bütün ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqaz, həmçinin Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb. Talış meşələrində isə, ən çox yayılan ağac növü dəmirağacdır. Bu ağaca, gövdəsinin metal rəngində olmasına görə dəmirağac adı verilib.
Dəmirağac Talış meşələrinin şahı sayılır. Bu ağac ümümdünya "Qırmızı kitab"ına düşüb. Adından da bəlli olduğu kimi, bu ağac dəmir kimi möhkəmdir və başqa ağaclardan fərqli olaraq suda batır. Elə materialının möhkəmliyi səbəbindən də bir vaxtlar maşınqayırmada və toxuculuq, xalçaçılıq dəzgahlarının düzəldilməsində istifadə edilib.
"Elmi adı "Parrotia Per Sica" olan bu ağac, 3-cü dövr relikt bitki-ağac növünə aiddir. Təqribən 18-20 milyon il yaşı var", — deyə Hirkan Milli Parkının direktor müavini Hacıağa Səfərov Sputnik-in bölgə müxbiri ilə söhbətində bildirdi.
Onun sözərinə görə, dəmirağacın təbii yayılma arealı Respublikamızın cənub zonası və İran İslam Respublikasının Xəzər dənizi sahili boyunca yerləşən ərazilərini əhatə edir: "Təbii şəraitdə hündürlüyü 25-28 metrədək olur, çoxbudaqlıdır. Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, yanında olan digər, öz sinifindən olan, hətta digər növ ağacların budaqları ilə bitişə bilir. Bir ağac zədələnərsə, ona bitişik olan digər dəmirağaclar onun bərpasına kömək edir".
Mütəxəssis bu ağacın qışda — dekabr ayının sonu və ya yanvar ayının əvvəlində çiçəklədiyini qeyd etdi: "Bəzən də elə olur ki, uzun müddət, ümumiyyətlə çiçəkləmir. Dəmirağacın kökü zəif olduğundan, güclü külək olan zaman tez aşır. Lakin buna baxmayaraq, aşdıqdan sonra torpağa toxunan hər hansı budağı kökə çevrilir və bu da yenidən ağacın bitməsini təmin edir".
Direktor müavini dəmirağacın digər ağaclardan başqa bir fərqləndirici cəhətinin olduğunu da diqqətə çatdırdı: "Bu fərq onun oduncağının digər növlərdən ağır olmasıdır. Məhz bu xüsuiyyətlərinə görə ondan gəmiqayırmada istifadə olunmur. Bundan əlavə, ağac öz toxumlarını gövdəsindən 5-6 metr uzağa ata bilir. dəmirağac quruduqda, naşı adam onu doğramaq istəsə, balta sına bilir".
H. Səfərovun dediyinə görə, Talış meşələrinin 5-6%-ni dəmirağac təşkil edir: "Bu ağac, əsasən dəniz səviyyəsindən 500-600 metr hündürdə yerləşən ərazilərdə yayılıb. Daha çox qarışıq tipdə olur. Belə ki, sırf dəmirağac meşələri çox az olur".
Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ağacın bir hissəsi çürüdükdə ağac tələf olmur və tam öz həyat gücünü saxlaya bilir: "Ağacın çürüməyən digər hissəsində yeni budaqlar da çıxa bilir. Qeyd edim ki, tikinti üçün əlverişsizdir. Çünki səthi hamar deyil və taxtasına su dəydikdə çox tez çürüyür".
Məlumat üçün bildirək ki, İsveçdən olan kimyaçı, mühəndis və dinamit partladıcısının ixtiraçısı, nəhayət milyonçu Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. O, eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir və bu ağacın oduncağından ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar.
Nobel dəmirağacı Avropaya aparmaq arzusu ilə Azərbaycana gəlir. Lakin Bakıya gələn Nobel, burada fantan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olur. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Alfred Nobelin həyatında dönüş yaradır.