Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 okt — Sputnik. Lənkərandan Astaraya gedən yol boyunca göz oxşayan mənzərə var — Hirkan Milli Parkı. Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov Sputnik-in bölgə müxbir ilə söhbətində, ərazinin əvvəlcə "Hirkan qoruğu" adlandırıldığını dedi: "Hirkan qoruğu 1936-cı ildə salınıb. 2004-cü ildən isə Hirkan Milli Parkı adlandırılıb. 2008-ci ilə qədər parkın ərazisi 21435 hektar olub, 2008-ci ildə genişləndirilərək 40358 hektara çatdırılıb".
Park ölkənin cənub-şərqində, Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Hirkan Milli Parkının yaradılmasında əsas məqsəd ərazidə olan təbiətin kompleks şəkildə qorunmasıdır.
H. Səfərov Hirkan Milli Parkında hirkan tipli meşələrə xas qiymətli bitki növlərinin olduğunu deyir: "Milli Parkda 174 növ ağac və kol cinsləri mövcuddur ki, onların da 36-sı endemik növlərdir. Milli Parkın bir hissəsini qarışıq meşələr təşkil edir. Burada əsas meşə əmələ gətirən edifikatorlardır — Şabalıdyarpaq palıd, Qafqaz vələsi, Şuşa vələsi, Şərq fıstığı, Dəmirağacı və Hirkan azatı. Bu ağacların orta ayaşı 120-150 ildir".
"Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütubətli subtropik xüsusiyyətə malikdir və bu ərazilər sonuncu buzlaşmaya məruz qalmayıb. Elə məhz bu səbəbdəndir ki, ərazi endemik və üçüncü dövrə mənsub olan çoxlu relikt mənşəli bitki örtüyünə malik olan elementlərlə zəngindir. Hirkan meşələrinin hər 1000 hektarına 32 bitki növü düşür ki, bu da Qafqazda olan 18 flora əyaləti üzrə birinci yeri tutur. Milli Parkın ərazisində, az öncə qeyd etdiyim kimi, müxtəlif lianalar və sarmaşıqlar, üzüm tənəkləri, mərvəcə, Pastuxov daşsarmaşığı, böyürtikan, itburnu kolları və sair bitkilər də var ki, bunlar əsasən aşağı qurşaqda, düzən meşələrdə geniş yayılıb və keçilməz yaşıl sədlər yaradıb".
Bitki aləminin zənginliyi, burada çoxsaylı heyvanların yaşamasına da imkan yaradır. Parkın elmi işlər üzrə direktor müavini, ərazidə 40 növ məməli heyvanın yaşadığını bildirir: "Burada Ön Asiya bəbiri, qonur ayı, canavar, vaşaq, cüyür, çöl donuzu, meşə pişiyi, tülkü, tirəndaz və s. növlərə rast gəlmək olar. Milli Parkın ərazisində, həmçinin Ussuriya maralı da məskunlaşıb və yerli şəraitə uyğunlaşdırılıb. Bundan əlavə, ərazidə bir sıra endemik quş növləri də məskunlaşıb. Bunlar böyük talış alabəzək ağadələni, kiçik talış alabəzək ağacdələni, hirkan arıquşusu, talış qırqovulu və sairdən ibarətdir".
Parkın ərazisində tarixi abidələr də mövcuddur: "Bunlardan biri Əmir Teymurun oğlu Miranşahın hakimiyyəti vaxtında tikilən "Divəkə" (talışcadan tərcmədə "Div evi") adlanan qalanın qalıqları və Dilmədi kəndində "Şeyx Dilim" qəbiristanlığıdır. Bu qəbiristanlıq böyük əraziyə malikdir və Səfəvilərin hakimiyyəti dövrünə aid olduğu ehtimal edilir. Bu qəbiristanlıqda böyük sal daşlardan hazırlanan qəbirlər var".
Məlumat üçün bildirək ki, Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün, Azərbaycan hökuməti tərəfindən sənədlər hazırlanaraq göndərilib.