BAKI, 16 noy — Sputnik. M.Teatr — "Mənim Teatrım" daha bir premyerası ilə tamaşaçılarının görüşünə gəlib. Sputnik Kukla Teatrının mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 13-də sənət qrupunun quruluşunda yeni tamaşanın premyerası olub.
"Mənim Teatrım"ın yaradıcısı, əməkdar artist Vidadi Həsənov və istedadlı aktrisa Zümrüd Qasımovanın iştirak etdiyi "Maraqlı fiqur və ya siçan qadın" tamaşasının premyerası Azərbaycan Dövlət Kukla Teatrında baş tutub. Frans Kafkanın "Çevrilmə " povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənov, bəstəkarı Azər Hacıəsgərli, səhnə tərtibatçısı H.V. İsmail, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Qeyd edək ki, maraqlı səhnə həllinin baş qəhrəmanı əyalətdən şəhərə gələn sadəlövh bir qızdır. Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur. Elə şəhərə ilk addımını atdığı andan onu izləyən gənc fotoqraf qızın bütün həyat yolunu dəyişməyə müyəssər olur.
Birlikdə oxuyan gənclərin hissləri onlara mənəvi sarsıntıdan başqa heç nə vermir. Belə ki, getdikcə oğlana aşiq olan gənc qız, əslində bir yaradıcı insanın fiquru, özünün təbirincə desək, "təcrübə siçanına" çevrildiyini dərk edir. Zamanla bu ağrılar intiqam hissinə çevrilərək qadının boş qəlbində özünə böyük yer tutur və sonda onu özünün də istəmədiyi adama çevirir.