BAKI, 16 noy — Sputnik. ABŞ-da prezident seçkilərində məğlubiyyətə uğrayan Hillari Klintonun siyasətdən gedəcəyi ehtimalı böyükdür. Azərbaycanda isə hər yaşanan məğlubiyyət çoxsaylı bəhanələrə səbəb olur.
Sivil siyasi mübarizədən məhrum edilmiş müxalifətin, ən azı özünə hesabat verməsi, son 20 ildəki fəaliyyətinin əhəmiyyətli nəticə verə bilməməsinin kökündə nəyin durduğunu anlaması lazım gəlir. Müxalifətin ənənəvi metodlarla məğlubiyyətinin qarşısını ala biləcəyini təxmin etmək də mümkün deyil.
Düzdür, müxalifət edə biləcəyini edir. Təbii ki, mübarizə demokratik müstəvidə cərəyan etməlidir. Proseslərin zor müstəvisinə transferi müsbət heç nə vəd etmir. Güc müstəvisində iqtidar siyasi rəqiblərindən daha güclüdür və odur ki, milli demokratik düşərgənin ən yaxşı halda xaricdən gələn bəyanatlara ümid etməkdən başqa yolu qalmır.
Lakin demokratik mübarizənin effekt verməməsi elektorat itkisinə səbəb olur və insanlar perspektiv vəd etməyən bir prosesin sona qədər iştirakçısı ola bilməzlər. Bu, milli-demokratik qüvvələrin zəiflədilməsinə və sıradan çıxmasına hesablanıb. Lakin demokratik müxalifətin sıradan çıxması ölkədəki siyasi sistemin özünə xoş olmayan gələcək vəd edir.
Müxalifətin sıradan çıxması siyasi düşərgələrin hər birində mərkəzdənqaçma tendensiyasına səbəb olmaqla yanaşı, yeni, aşırı radikal güc mərkəzlərinin zühuruna səbəb ola bilər. Mötədil qüvvələrin öz yerini, istənilən diskussiyaları rədd edən təşkilatlara verə bilmə ehtimalı siyasi proseslərin gələcək xəritəsini canlandırmağa kifayət edir.
Siyasi mübarizənin perspektivsizliyi, beynəlxalq güclərin Azərbaycandakı siyasi proseslərə biganə yanaşması orta statistik müxalifətçidə radikal metodlardan başqa çıxış yolu qalmadığı barədə yanlış fikir formalaşdırır. İnsanlar elə düşünürlər ki, radikal qüvvələrin siyasi proseslərin avanqardı rolunda çıxış etməsi problemlərin həlli demək olacaq.
Belə fərziyyələr kifayət qədər sadəlövh səslənir. Öncə onu vurğulamaq lazım gəlir ki, Azərbaycanda yeni müxalifətin yaranması üçün maliyyə resursları yoxdur. Böyük maliyyə olmadan isə yalnız romantiklərin şüarları ilə silahlanmaq böyük effekt verə bilməz.
Digər tərəfdən, unutmaq lazım deyil ki, Azərbaycan ərazicə kiçik ölkədir və burada cərəyan edən proseslərdə kənar təsirlərin effektliliyi daha böyükdür. Odur ki, dünyaya meydan oxuyan hansısa bir siyasi liderin meydana çıxacağını və ölkənin, xalqın bütün problemlərini həll edəcəyini gözləmək sadəlövhlüyün son həddi sayıla bilər.
Azərbaycanda sosial baza, maliyyə vasitələrinin məhdudluğu, supergüclərin neqativ münasibətinə görə, nə qatı millətçi, nə də radikal dinçi liderin yetişəcəyi proqnozlaşdırılır. Bir sözlə, yaxın zamanlarda Azərbaycanda nə Adolf Hitler, nə Ayətullah Xomeyninin oxşarlarının yarana biləcəyinə inam azdır.
Ölkənin, bölgənin düzənini, dəngələrini dəyişə biləcək liderlərin formalaşması uzun prosesdir və yerli, xarici təzyiqlər, hazırkı reallıq hələ ki buna imkan vermir. Lakin bütün bunlara baxmayaraq, müxalifətin "təzə qana" ehtiyacı var. Yeni, daha intellektual simaların, yüksək təhsilli gənclərin partiyaların yerli və mərkəzi strukturlarına gətirilməsi son dərəcə mühümdür.
Unutmaq olmaz ki, artıq 1988-ci il deyil. Qarşısına çıxan hər şeyi dağıdan saqqallı fanatlar öz missiyalarını başa vurmaqdadırlar. İndi daha savadlı, rabitə texnologiyalarını gözəl bilən, dünyadakı prosesləri təhlil edən gənclərə "yaşıl işıq" yandırmağın zamanı çatıb. Təqaüd yaşı çatmış siyasətçi, hüquq müdafiəçisi, jurnalistlərin isə istirahət barədə düşünmələri daha məntiq olardı…