CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çıldaqçıda başımıza gələnlər: hər şey olduğu kimi

CC0 / Anemone123 / girlQorxmuş insan
Qorxmuş insan - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq təbabəti kimi qəbul olunan çıldağa müraciət etmiş insanlar yaşadıqları gerçəkləri bölüşürlər

BAKI, 13 noy — Sputnik. El arasında "çıldaq" kimi tanınan türkəçarə qorxugötürmə üsulu var. Deyilənə görə, bədənin bir neçə nahiyəsinə yandırılmış parça, yaxud közərən çubuq toxunduraraq, insandakı qorxunu götürmək olur. Bu müalicə üsulu, xüsusilə Bakı kəndlərində məşhurdur.

Ağasəlim Çıldağın ocağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi ocaq: insanlar burada özlərini yandırırlar

Sputnik-in əməkdaşı, sosial şəbəkə istifadəçilərinin çıldağa münasibətini: inanıb-inanmadıqlarını, çıldaqçı yanına gedib-getmədiklərini öyrənib. Beləliklə:

Sevinc Şabanova — tələbə: "Uşaq olanda aparıblar çıldaqçının yanına. Onun əlindən güclə qaçmışam. Mən bu müalicə qaydasını ciddi qəbul etmirəm".

İlkin Cəlilzadə — televiziya əməkdaşı: "Çıldağa münasibətim çox pisdir. Mənasız vaxt itkisi hesab edirəm. Ayrıca, batıl inancdır. Üzərliyə ondan çox inanıram".

Günel Fərhadova — gənc yazar: "Getməmişəm, getmək niyyətim də yoxdur. Qorxu idarəolunandır. İnsan beyninin imkanları məhdud deyil".

Cəlal Səfərov — idman meneceri: "Çıldağa münasibət birmənalı deyil, beyinə hopmuş stress və qorxunu verilən şokla çıxarmağın, inkişaf etməmiş, arxaik bir üsuludur. Yəni, ziyanın olmadığı aşkar görünür, amma psixolji bir hal olduğunu, həmçinin tibb sənayemizin də bir o qədər fərqlənmədiyini nəzərə alsaq, camaatın öz seçiminə buraxmaq lazımdır. Uşaqlıqda aparsalar da, indi uzaq olduğu üçün getmirəm, amma bir dəfə gərək yoxlayım".

Vüsal Qarayev — journalist: "Getmişəm. Kabab iyi verdim. Qolumun yanığı bir-iki həftə sağalmadı. Bir sözlə inanmağa dəyməz".

Sabirə Quliyeva — menecer: "Kim deyir ki, çıldaq yalandır? Çox qorxmuşdum və məhz çıldaq sayəsində özümə gəldim. Bir sözlə inanıram və qəbul edirəm".

Gülşən Şərif — jurnalist: "Faydası yoxdur. Bir dəfə — illər öncə getmişəm. Qadın dedi, "qorxuluğun çoxdur, 3 gün gəlib-getməlisən". 3 gün getdik-gəldik, amma yanmaqdan başqa qazandığım nəsə olmadı".

Müayinə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sirri hələ də çözülməyən peşə...

Fidan Sunay Leyli — həkim: "Çıldağın tibbi əsası var, haradasa… Məsələn, "insulin şoku" deyə bir müalicə metodu var. Psixi xəstələrdə ən son baş vurulan tədbirlərdəndir. Xəstəyə insulin vurulur, təqribən 30 dəqiqə hipoqlikemik koma yaradılır. Sonra yenidən qlukoza vurularaq vəziyyət geriyə döndərilir. Belə xəstələrdə bu koma zamanı psixoloji effekt yaranır. Təsir mexanizmi tamam aydınlaşdırılmayıb, amma hesab olunur ki, belə koma halı psixi vəziyyəti müəyyən qədər yaxşılaşdırır. Mən çıldağı bu əsasa görə qəbul edirəm, çıldağın təsirindən yaranan qəfil qorxu, diksinmə, sanki şok yaratmaq kimi bir mexanizm var. Yəqin ki, ona əsaslanıb əvvəlki qorxunu aradan qaldırır".

Elşən Ağalar — fotoqraf: "Uşaq vaxtı aparıblar. Hazırda münasibətim çox pisdir. İnanmıram belə şeylərə".

Elnarə Məmmədqızı — evdar xanım: "Getmişəm. Qolum, ayağım, boynum — hamısı yanıb. İnanmıram".

Nazim Quliyev — musiqiçi: "Getdim, bəhrəsini də gördüm. Övladlarımı da aparıram. Qorxunu çıxarır, insan yüngülləşir".

Xəbər lenti
0