BAKI, 10 noy-Sputnik. Britaniyadan olan alimlər bəyan ediblər ki, xərçəngə qarşı son on il ərzində yaradılmış bahalı dərmanlar xəstəliklə mübarizəyə kömək eləmir.
Uays öz məqaləsində innovativ preparatlarla bağlı yazıb ki, onların istehlakına hər il milyonlarla dollar xərclənir, lakin onlar xəstələrin həyatını uzatmağa qadir deyil.
"Bu dərmanlar xəstələrin həyatını bir neçə həftə, ən yaxşı halda isə bir neçə ay uzada bilər." — deyə ekspert bəyan edib. Uaysın qeydinə görə, 2015-ci ildə onkoloji xəstələr dərmanlara 110 milyard dollar xərcləyiblər.
Ekspert həmçinin qeyd edib ki, son 10 il ərzində xərçəng diaqnozu qoyulan xəstələrin vəziyyətində cüzi müsbət tendensiya izlənib. Lakin bu heç də bahalı dərmanların hesabına baş verməyib.
Uays hesab edir ki, bahalı dərmanların istifadəsi ölüm nöqtəsinə qədərki hərəkəti bir qədər ləngitməyə, ya da xərçəngin müalicəsinə etik yanaşmaya (yəni ki, xəstələri heç nə etmədən, sadəcə ölümünü gözləməyə vadar etmək olmaz) kömək edir.
Onun sözlərinə görə, heç də bütün pasientlər bilmirlər ki, qəbul etdikləri dərmanlar ən yaxşı halda onların ömrünü bir neçə ay uzadır. Xəstə öz vəziyyəti barədə dəqiq informasiyalı olmadıqda, o, özünün müalicə olunduğuna yalançı ümid bəsləyir ki, bu da onun ömrünün bir neçə həftə, yaxud ay uzanmasına səbəb olur. Daha dəqiqi, xəstənin ömrünün cüzi uzanmasına dərmanlar deyil, müalicə olunacağına bəslədiyi ümid təsir edir.
Bütün ümumi şəraiti və vəziyyəti hesaba alan Uays əmindir ki, xərçəng əleyhinə buraxılan preparatlara icazənin verilməsi qaydasına sərt nəzarət etmək lazımdır.