Bu gün IV İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının 4-cü iclası ilə əlaqədar mətbuat konfransı keçirilib.
Sputnik xəbər verir ki, konfransda Oyunların icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Faysal Əbdüləziz əl-Nassar, federasiyanın 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malbum və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ağacan Abıyev iştirak ediblər.
Konfransda çıxış edən Azad Rəhimov bildirib ki, komissiyanın 4-cü iclasında vacib məsələlərlə bağlı qərarlar qəbul olunub.
“Bu oyunları tək İslam Oyunlarında iştirak edən ölkələr üçün yox, bütün dünya üçün keçiririk. Ona görə də sosial media vasitəsi ilə geniş təbliğat aparırıq. Bu yaxında hansı şirkətin yayım hüquqlarını əldə etməsi və oyunları işıqlandıracaq media barədə məlumat veriləcək. Bu gün əməliyyat komitəmizdə 500-ə yaxın mütəxəssis işləyir və bütün sahələr üzrə peşəkar işlər aparılıq.”
Nazir bildirib ki, adətən belə mötəbər yarışlarda açılış və bağlanış mərasimlərinin xüsusi yeri olur: “İslam Oyunlarının açılışı Bakıda keçirilən digər oyunların açılışından heç də zəif olmayacaq. Nazir ssenarini tam aciqlamasa da bildirib ki, açılış zamanı bütün dÜnyaya tariximizi və mədəniyyətimizi əks etdirən çıxışlar olacaq. Oyunlar 20 idman növündə keçiriləcək. 2 növdə — cüdo və atletika üzrə paralimpiya yarışları olacaq. Eyni zamanda qeyri-olimpiya növü olan zorxana idman növü üzrə yarışlar keçiriləcək.”
Nazir onu da qeyd edib ki, Azərbaycan ev sahibliyi edən ölkədir və ona görə də bütün idman növlərində və bütün çəki dərəcələrində idmançılar çıxış edəcək. Hətta Azərbaycan futbol, voleybol və basketbol kimi komanda idman yarışlarında da özünü sınayacaq.
Azad Rəhimov ağır atletika idman növündə baş verənlərə münasibət bildirib. O qeyd edib ki, hal-hazırda Dünya Ağır Atletika Federasiyasının son qərarını gözləyirlər.
Nazir çıxışı zamanı söyləyib ki, İslam Oyunlarının maskotu olacaq və bu maskot uşaqaların da idmana marağını artıracaq. “Maskotlar olacaq. Sadəcə bunu hələki sirr olaraq saxlayırıq. Yaxın gələcəkdə media üçün maskotların təqdimetmə mərasimi keçiriləcək.”
“Nə qədər medal gözləyirsiniz?” sualına nazirin cavabı belə olub: “Mən heç vaxt proqnoz verməmişəm, verməyəcəyəm də. Bir onu deyə bilərəm ki, ən azı istərdim ki, Avropa Oyunlarında olan uğurumuz İslam oyunlarında da təkrar olunsun. “
Nazir bildirib ki, biletlər aprel-mart aylarından satışa çıxarılacaq və Avropa Oyunlarında olduğu kimi qiymətlər baha olmayacaq.
Tədbirdə çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse–prezidenti, polkovnik Hamad Kalkaba Malbum çıxışı zamanı bildirib ki, İslam Oyunlarına aparılan hazırlıqdan məmnundur. “Bizim üçün burada iştirak etmək böyük şərəfdir. Bu oyuunların hazırlığında yüksək ruh var və bu da İslam Oyunlarını uğurlu şəkildə keçirilməsinə böyük təkan verəcək. Bizim gücümüz həmrəylikdədir, bu vacib amildir.”
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar qeyd edib ki, keçirilən oyunlar islam həmrəyliyini nümayiş etdirir: “Hər kəsə təşəkkür edirəm və bütün çətinliklərə baxmayaraq bir araya gəlirik və bu oyunların sayəsində birliyimizi nümayiş etdiririk. İslam Oyunlarının keçirilməsi bizim məqsədimizdir və bu məqsədə nail olmaq üçün çalışırıq.”