BAKI, 8 noy — Sputnik. Bu gün Azərbaycanda şagirdlərin dərs yükünün həddən artıq ağır olması kimsəyə sirr deyil. Təhsil səviyyəsinin yüksəlməsini təhsil yükünü artırmaqda görən Təhsil Nazirliyi, "qaş düzəldən yerdə göz çıxarır".
Valideynlər və şagirdlər dərslərin çətinliyindən və çoxluğundan şikayət edirlər. Bu problem uşaqları zehni və fiziki cəhətdən yormaqla yanaşı, onların sosial həyatını da əllərindən alır. Yəni, şagird əlavə məşğələyə yazıla — musiqi öyrənə, rəsm qabiliyyətini təkmilləşdirə, hansısa idman növü ilə məşğul ola bilmir.
Məsələni Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ölkənin ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. O bildirib ki, rəsm, bədən tərbiyəsi, musiqi kimi fənlər şagirdlərin yaş psixologiyası nəzərə alınmadan tədris olunduğu üçün, hazırda onlara maraq azalıb.
"O cür fənlərin keyfiyyətli tədrisində ciddi nöqsanlar var. Dərsin keyfiyyətinə başqa amillər də təsir edir. Məsələn, müəllimin fiziki imkanları, bilik və intellekt səviyyəsi, metodik hazırlığı, emosional və psixi vəziyyəti və sair", — ekspert deyib.
Əsədov, 2000-ci illərədək şagirdlərin dərsdən sonra müəyyən musiqi dərslərinə, idman məşğələlərinə getdiklərini xatırladıb: "İndi bütün tədris sistemi qəbul imtahanlarına yönəldiyinə görə, valideynlər övladlarını əlavə tədbirlərdən uzaqlaşdırıb ancaq qəbul imtahanlarına daxil olan fənlər üzrə repetitor yanına göndərirlər".
Qarmon müəllimi Sübhan Köçərli də Sputnik-ə açıqlamasında sözügedən problemin aktuallığına toxunub: "Mədəniyyət və incəsənət sahələri ilə məşğul olmaq üçün uşağın təhsilli olması və yaxşı oxuması mütləqdir. Təəssüf ki, bu bu gün ölkəmizdə yaxşı oxuyanları, ancaq dərslə məşğul olmağa yönəldirlər, incəsənət sahəsinə də zehni cəhətdən zəiflər üz tutur".
Rəsm müəllimi Pərviz Mahmudov da Sputnik-ə açıqlamasında qeyd edib ki, son illər rəsm məşğələlərinə gələn uşaqların sayı azalıb, gələnlər isə az vaxt ayırırlar: "Həftədə 3 dəfə gəlməli olan şagirdlər, dərs yükünə görə həftədə 2 dəfə və ya bir dəfə gəlməyə başlayıblar. Bu da onların hazırlıqlarını zəiflədir".
Sputnik əməkdaşı ilə həmsöhbət olan piano müəllimi Aygün Qasımova da dərs yükünün ağırlığının fəsadlarından danışıb: "Təhsil Nazirliyinin şagirdlər üçün nəzərdə tutduğu dərs yükü o qədər ağırdır ki, uşaqlar əlavə məşğələlərə gedə bilmirlər. Tələbələrim dərslərin və ev tapşırığının çoxluğundan şikayətlənirlər. Mən də, ancaq dərs zamanı şagirdlərimlə pianoda məşğul ola bilirəm, ev tapşırığı verə bilmirəm. Çünki, tələbələrin əlavə vaxtı qalmır".
Kikboks müəllimi Anar Süleymanlı bildirib da indiki təhsil sisteminin idman və mədəniyyət sahələrinə zərbə vurduğu qənaətindədir. "Mən özüm idmançı olmağıma baxmayaraq, həm də elm adamı olduğum üçün sağlam təhsili dəstəkləyirəm. Amma bu günkü təhsil sistemi məni çox narahat edir. Çünki, bu sistem elə qurulub ki, uşaq gün ərzində 5-6 saat məktəbdə olur və məktəbdən sonra eyni fənlər üzrə kurslara gedir. Nəticədə digər sahələrə marağı və zamanı qalmır", — o, Sputnik-ə açıqlamasında bildirib.
"Məktəbdən sonra olan kurslar eyni fənlər üzrədir və çox zaman eyni müəllimlər məktəbdən sonra o kursları aparırlar. Səbəb? Sualın cavabı çox bəsitdir. Çünki, bu gün orta məktəb dərsliklərində, ali məktəbə giriş üçün verilən sualların birbaşa cavabı yoxdur və bu səbəbdən onları kurslarda müəllimlər şagirdlərə yenidən aşılamalı olurlar. Görəsən, Təhsil Nazirliyi körpə uşaqlara bu qədər əziyyət verdiyinin fərqindədirmi?".