BAKI, 28 okt — Sputnik. Məktəblərdə şagird sıxlığının azaldılması üçün müxtəlif yollar var. Söhbət mərkəzi məktəblərdən gedir. Bir az kənar Əhmədli, Günəşli, ərazisində, Yasamal rayonun bəzi yerlərində və digər yerlərdə sıxlıq müşahidə edilmir. Sıxlıq əsasən mərkəzdə yerləşən məktəblərdədir.
Bunu təhsil eksperti Məlahət Mürşüdlü Sputnik-ə açıqlamasında deyib.
Ekspert bildirib ki, yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkandan, Buzovnadan və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər: “Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Bu, qaydaya ciddi şəkildə riayət olunurdu. Məsələn, Türkiyə də belə bir qayda var və bu, sıxlığın qarşısını alır. Uşaq yaşadığı ərazidə olan məktəbdə təhsil almalıdır. Başqa məktəblərə getmək imkanları məhduddur. İlk növbədə bunu həyata keçirmək olar”.
M. Mürşüdlü bildirib ki, ikincisi Bakının mərkəzindən kənarda yerləşən məktəblərdə təlim-tərbiyə prosesinin keyfiyyəti qaldırılmalı, müəllim kadrların təkmilləşdirilməsinə diqqət artırılmalıdır: “Yəni, valideynlər düşünürlər ki, mərkəzi məktəblərdə ən güclü müəllimlər çalışırlar. Ona görə də sıxlıq baş verir. Bunlardan istifadə etməklə sıxlığın qarşısını müəyyən qədər almaq olar. Bunlar səhər tıxacların yaranmasına səbəb olur. Uzaq yerlərdən camaat mərkəzi məktəblərə gəlirlər. Uşaqları gətirib aparanlar var. Uşağın özünə də təsir edir. Səhər saat 6-da durur ki, saat 8-də mərkəzi məktəbdə dərsə çatsın. Belə hallar var”.
“Yeni məktəblərin inşası fayda verməz. Sıxlıq əsasən mərkəzi məktəblərdə yaşanır. Ətraf mərkəzlərdə sıxlıq yoxdur”-deyə o qeyd edib.
Qeyd edək ki, Təhsil Nazirliyi Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə münasibət bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, şagird sıxlığı problemi əsasən paytaxtda yaşanır: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında və digər sənədlərdə belə bir hədəf qarşımıza qoyulub ki, maksimal dərəcədə məktəbləri 1 növbədə təşkil edək. Lakin bu günə kimi Bakı şəhərində buna tam nail olmaq mümkün olmayıb".
Nazir müavini qeyd edib ki, son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib: "Ötən əsrin 90-cı illərinin sonlarında demoqrafiya aşağı idi və müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə bunun tam əksini görürük".
"Hər il I sinfə gələn şagirdlərlə məktəbi bitirən 11 ci sinif şagirdləri arasında hər il təxminən 50 minə yaxın fərq var" — deyən nazir müavini əlavə edib ki, hər il məktəbə daxil olan şagirdlərin sayı daha çox olur: "Təbii ki, bu demoqrafik cəhətdən müsbət haldır. Ancaq bu öz növbəsində bir sıra aktual məsələri gündəmə gətirir. Bu gün şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hazırlanaraq hökumətə, müvafiq qurumlara təqdim olunur".