BAKI, 8 noy-Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sputnik bu barədə president.az saytına istinadla xəbər verir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb.
Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə prezidentin verdiyi qərarda deyilir: "Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın;
Bundan əlavə bildirilir ki, NK Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində prezidentə təqdim etməlidir. Həmçinin NK-nın normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılması üç ay müddətində təmin edilməli və bu haqda prezidentə məlumat verilməlidir.
Sərəncama görə, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə üç ay müddətində prezidentə məlumat verməlidir. NK Bakı Mühəndislik Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.