Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: Sovetdənqalma saxta universitetlərin kəmiyyəti və keyfiyyəti dəyişməlidir

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: Biz bu gün dünya elmində Azərbaycan elminin nailiyyətlərini görmürük.

BAKI, 18 mart-Sputnik. "Azərbaycanda 57 dövlət universiteti var, ancaq onların əksəriyyəti heç kollec səviyyəsində də fəaliyyət göstərmir."

Bu fikri Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, professor, millət vəkili Asim Mollazadə Sputnik-ə Azərbaycan elminin müasir vəziyyətini şərh edərkən deyib.

"Biz istəyirik ki, fundamental elm sahələrinin universitetlərlə əlaqələri daha da güclənsin. Elmi inkişaf etdirmək, ixtiralar etmək üçün milyardlarla vəsait lazımdır. Azərbaycan dövləti bu istiqamətdə, elmin bu sahələrini inkişaf etdirmək üçün böyük imkanlara malik olmayacaq. Ancaq Azərbaycanda təhsilin inkişafında, mütəxəssislərin hazırlanmasında elmlə təhsilin vəhdətinin yaradılmasına böyük ehtiyacı var. Biz çox istərdik ki, elmin bu sahələri universitetlərdə inkişaf etsin, akademiya ilə universitetlərin vəhdətini yarada bilək." — deyə millət vəkili bildirib.

A.Mollazadə qeyd edib ki, Azərbaycan dünya elminə inteqrasiya etmək üçün daha ciddi səylər göstərməlidir. Bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan mədəni mərkəzlərinin fəaliyyətində yeniliklər edilməlidir: "Bu gün Azərbaycanda muzeylər var. Biz muzeylərin elm mərkəzlərinə çevrilməsinə çalışmalıyıq. Dünyada belə təcrübə mövcuddur. Azərbaycan da mədəniyyət və elmin vəhdətini yaratmaq üçün bu addım atılmalıdır. Muzeylərdə məhz elmi araşdırmalarla məşğul olan alimlər işləməlidirlər. Biz bu yolla Azərbaycanın mədəni dəyərlərini dünyaya çatdıra bilərik."

DİP sədri elmin maliyyələşməsinə ciddi fikir vermək lazım gəldiyini də deyib: "Elmə ayrılan dövlət dotasiyaları dövlət tərəfindən dəstəklənən layihələr səviyyəsində olmalıdır. Vəsaitlər konkret elmi layihələrə ayrılmalıdır."
Elmin idarə edilməsində də ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayan millət vəkili, bu prosesə gənc alimləri, gənc idarəçiləri cəlb etməyin vacibliyini bildirib.

AMEA-nın həm fəaliyyət, həm də əməkdaşların yaş nöqteyi-nəzərdən elmdəki müasir çağırışlara cavab vermədiyini qeyd edən A.Mollazadə dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin özünü doğrultmadığını deyib:

"Biz bu gün dünya elmində Azərbaycan elminin nailiyyətlərini görmürük. Biz hansısa nəticələr verməyən sahənin maliyyələşdirilməsini azaltmalıyıq.

Bununla yanaşı, biz qrantlar vasitəsilə zəruri elm sahələrinə diqqəti artırmalıyıq. Hazırda bizdə elm Sovet İttifaqında olduğu kimi daha çox görüntü yaradır, nəinki konkret nəticələr verir. Müəyyən nəticələrin olması üçün də, Azərbaycan elminin dünya elminin qiymətləndirmə sisteminə inteqrasiyası lazımdır. Elmi məqalələr dünyanın nüfuzlu elmi jurnallarında dərc edilməlidir. Azərbaycan elminin nailiyyətləri dünyanın elmi ictimaiyyətinə çatdırılmalıdır. Elmin qiymətləndirilməsi üçün meyarlar müəyyənləşdirilməlidir."

AMEA \ Национальная Академия Наук Азербайджана - Sputnik Azərbaycan
ELM
AMEA prezidenti: Elm özü pul qazanmalıdır
 Millət vəkili hesab edir ki, Azərbaycan universitetlərinin dünya universitetlərinin reytinqi sırasında aşağı yerlərdə olmasının bir səbəbi də odur ki, bu universitetlərdə elm inkişaf etmir. "Dünyanın bütün tanınmış universitetləri məhz elm sahəsində əldə etdiyi uğurları ilə tanınır və nəticədə onların reytinqi yüksəlir. Ona görə də biz Elmlər Akademiyasındakı potensialla universitetlərdəki potensialı birləşdirməliyik. Bunun nəticəsində biz həm elmi, həm də təcrübi təhsil sistemini gücləndirə bilərik." — deyə Mollazadə bildirib.  

Elmdə yaş senzi amilinin olmadığını vurğulayan professor deyib: "Elmdə yaş senzi amili yoxdur, amma nəticələr meyarı var. Mən yaş senzindən ona görə danışmaq istəmirəm ki, dünyanın bir sıra məşhur universitetlərinin alimləri elmi araşdırmalarla məşğuldur və yaş onlara mane olmur. Misal olaraq Lütfi Zadəni göstərə bilərəm ki, onun yaşı 90-nı ötüb, amma indiyə qədər də elmi araşdırmalarla məşğuldur. O, böyük alimdir və böyük alim kimi də öz məktəbini yarada bilib. İndi bizim yaşlı alimlərin məktəbi, onların ətrafında gənclərin böyük təcrübədən bəhrələnməsi üçün bir sistem olmalıdır. Amma elmin idarə edilməsində nəsil dəyişkənliyinə, gənclərin, yeni nəslin gəlməsinə böyük ehtiyac var."
Millət vəkili, universitetlərin keyfiyyət dəyişikliyinə keçməsi lazım gəldiyini deyib: "Azərbaycanda 7-8 böyük dövlət universiteti formalaşmalıdır ki, onun həm iqtisadi bazası, həm elmi, həm də kadr bazası güclü olsun. Azərbaycan, Avstriyada, Norveçdə mövcud olan sistemi nümunə kimi götürə, ona uyğunlaşa bilər. Sovetdənqalma saxta universitetlərin kəmiyyəti və keyfiyyəti dəyişməlidir.
A.Mollazadə qeyd edib ki, Azərbaycan universitetlərinin müasir təhsil ocaqlarına çevrilməsi üçün xaricdə təhsil almış gənclər bu prosesə cəlb olunmalıdır: "Amerika və Avropa universitetlərinin məzunları artıq Azərbaycanın təhsil sistemində daha fəal rol oynamalıdırlar. Birləşən yeni universitetlərin xarici tərəfdaşlıqlara, universitet şəbəkələrinə də daxil olmasına ehtiyac olacaq. Biz dünyadakı uğurlu universitet modellərini Azərbaycana tətbiq etməliyik. Bunun üçün yeni texnologiyalar, yeni innovasiyalar, startaplar formalaşdırılmalıdır. Belə innovativ mərkəzlər beynəlxalq xarakter daşıyır. Mən İsrail təcrübəsini misal çəkə bilərəm ki, bir neçə xarici ölkənin müvafiq sahələrdə işləyən şirkətlərinin maddi və maliyyə dəstəyini qazanan gənclər yeni texnologiyalar istiqamətində işlərə cəlb olunurlar. Bizdə də belə gənclərin iştirakı ilə innovativ mərkəzlərin yaradılmasına böyük ehtiyac var."

Национальная Академия Наук Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
ELM
Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq üçün məhdudiyyətlər ləğv edilir
 Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində elm xərcləri 135 milyon 186 min 418 manat nəzərdə tutulub. Bu vəsaitlərin 79 milyon 479 min 563 manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılması, 7 525 505 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 1 973 586 manatı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinə ayırmalar, 7 055 505 manatı elm sahəsi üzrə əmək haqqı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlər, 4 514 400 manatı elm sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir, 4 800 000 manatı isə elm sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və s. üçün nəzərdə tutulur. Bura elmlə əlaqəli olan digər xərclər də daxildir.

2015-ci ilin dövlət büdcəsində isə elm xərcləri 150 milyon 457 min 284 manat nəzərdə tutulmuşdu.

Xəbər lenti
0