Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 8 noy — Sputnik. Su olmadan həyatı təsəvvür etmək mümkün deyil. İnsanlar qədim zamanlardan bu günədək yaşayış məskənləri olaraq su hövzələrini, çay kənarlarını seçiblər.
Bəzən dəniz, çay olmayan ərazilərdə, insanların suya olan tələbatını bulaqlar qarşılayıb. Həmçinin, bulaqlar hər zaman öz cazibəsi və ecazkarlığı ilə insanları özünə cəlb edib.
Bakı-Astara magistral yoluna yaxın, Astara rayonunu Ərçivan qəsəbəsinin cənub qurtaracığda bir məkan var — "Yanar Bulaq Kompleksi". Bu bulağın digər bulaqlardan fərqi, ondan qaynayan suyun yanmasıdır.
Qabaqlar bu hadisə möcüzə kimi qəbul edilsə də, elm adamları ortaya çıxarıblar ki, suyun yanması onun tərkibində kükürd olması ilə bağlıdır. Yaşı bilinməyən, el arasında "Əsədulla bulağı" kimi də tanınan bu bulaq, yayın ən qızmar çağlarında, quraqlıq olan vaxtlarda belə, qurumur.
Ərçivan sakinləri deyirlər ki, ötən əsrin 70-ci illərində rayona gələn geoloqlar, ərazidə yer altında bir neçə çayın axdığını aşkar ediblər. Sonra isə, təxminən 80 metr dərinlikdə artezian quyusu qazıblar və nəticədə bu möcüzəvi bulaq meydana gəlib.
Sakinlərin sözlərinə görə, əvvəllər bulağın varlığından az sayda adamın xəbəri olsa da, getdikcə onun sorağı bütün rayona və bölgəyə yayılıb. Bulağın yol kənarında olması, Bakı-Astara magistralından istifadə edənlər üçün də əlverişlidir. Belə ki, yoldan keçənlər buradan su dolduraraq özləri ilə aparırlar.
Burada suyun yandığını da sakinlər təsadüf nəticəsində öyrəniblər. Belə ki, bir nəfər bulağın suyunun Günəş şüasından alışdığını görüb, sonra kibritlə alışdırıb və suyun yandığı aşkara çıxıb. Məhz həmin vaxtdan sonra bura "Yanar bulaq" kimi məşhurlaşıb.
Bulağın ən maraqlı cəhətlərindən biri də odur ki, su yanan zaman ondan içiləndə orqanizmə heç bir mənfi təsir göstərmir. Laborator müayinələr də bulağın suyunun müalicəvi olduğunu təsdiqləyib.
Tərkibində olan minerallar mədə-bağırsaq üçün xeyirlidir. Bəzən də mədə-bağırsağında problem olan xəstələrə həkimlər bu bulağın suyundan istifadə etməyi tövsiyyə edirlər.
Kükürdlü suyun üzdə olan səpkilərə də əla təsir etdiyi bildirilir. Sakinlərin çoxu həyətlərindəki quyuların suyundan çay dəmlənməsində istifadə etmir, əvəzində "Yanar bulağ"ın suyuna üstünlük verirlər.
Yerli sakinlər bulaqdan qaynayan suyun yeraltı proseslər nəticəsində, bəzən 5-7 metr hündürlüyə qədər qalxdığını da müşahidə ediblər. Hazırda bu kompleks yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.